“StormGeo” gəmi əməliyyatlarının real vaxtda izlənməsi üçün “Voyage Intelligence” platformasını genişləndirərək onu daha inteqrasiya olunmuş rəqəmsal sistemə çevirib. Layihə ana şirkət “Alfa Laval” ilə birgə həyata keçirilir və gəmi mühərrikləri ilə gövdədən alınan məlumatların avtomatik toplanmasını nəzərdə tutur.
Denizxeber.az Seanews.az-a istinadən xəbər verir ki, yeni inteqrasiya nəticəsində sensorlardan əldə olunan texniki göstəricilər hava şəraiti, marşrut planlaması, naviqasiya məlumatları, emissiya hesabatları və yanacaq (bunker) göstəriciləri ilə vahid platformada birləşdiriləcək.
Şirkətin məlumatına görə, bu yanaşma operatorlara gəmilərin texniki vəziyyətini real vaxt rejimində izləməyə, yanacaq sərfiyyatını optimallaşdırmağa və texniki xidmət xərclərini azaltmağa imkan verəcək. Eyni zamanda sistem avadanlıqların vəziyyətə əsaslanan monitorinqini və proqnozlaşdırıcı (qabaqlayıcı) texniki xidmət strategiyalarını dəstəkləyəcək.





