İqlimlə bağlı yeni optimist proqnoz

57

İqlimşünasların bir hissəsi hesab edir ki, ən pessimist qlobal istiləşmə ssenarisi sayılan RCP 8.5 artıq əvvəlki qədər ehtimal olunan deyil. Buna səbəb kimi bərpaolunan enerji texnologiyalarının sürətli inkişafı, iqlim siyasətinin sərtləşdirilməsi və qlobal karbon emissiyalarının artım tempinin zəifləməsi göstərilir.

Denizxeber.az bildirir ki, RCP 8.5 ssenarisi əvvəllər 2100-cü ilə qədər qlobal temperaturun sənayeöncəsi dövrə nisbətən 4,5–5°C artmasını nəzərdə tuturdu. Lakin yeni qiymətləndirmələrə görə, emissiya artımının əvvəlki illərlə müqayisədə daha aşağı templə – təxminən 1% səviyyəsində artması bu ssenarinin reallıqdan uzaqlaşdığını göstərir.

Bununla belə, mütəxəssislər vurğulayırlar ki, gələcək iqlim dəyişiklikləri hələ də həm emissiyaların səviyyəsindən, həm də iqlim sisteminin bu emissiyalara reaksiyasının gücündən asılı olaraq müxtəlif istiqamətlərdə inkişaf edə bilər. Buna görə də orta və daha ehtimal olunan ssenarilərin araşdırılması daha aktual hesab olunur.

Eyni zamanda alimlər iqlim dəyişmələrinin təsirlərinin tam dəqiq proqnozlaşdırılmasının çətin olduğunu, qeyri-müəyyənliklərin hələ də qaldığını da qeyd edirlər.