Kilqoyma mərasimi keçirildi

119

“AZCON Holding”in şirkətlərindən olan “Bakı Gəmiqayırma Zavodu” MMC-də Xəzər dənizində istismar olunması nəzərdə tutulan iki ədəd 780 TEU tutumlu konteyner gəmisindən birincisinin tikintisinə başlanılması münasibətilə kilqoyma mərasimi keçirilib.

Denizxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərasim gəmiqayırma prosesində əsas mərhələlərdən biri hesab olunur və konstruktiv yığım işlərinin rəsmi başlanğıcını ifadə edir.

Layihə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında strateji əməkdaşlıq çərçivəsində həyata keçirilir. 2025-ci il sentyabrın 16-da “AZCON Holding”ə daxil olan “Bakı Gəmiqayırma Zavodu” MMC ilə BƏƏ-nin “AD Ports Group” şirkəti arasında iki ədəd 780 TEU tutumlu konteyner gəmisinin inşasına dair müqavilə imzalanıb.

Gəmilər Xəzər dənizi hövzəsi və Orta Dəhliz üzrə artan yük axınları fonunda regionun logistika imkanlarının genişləndirilməsinə xidmət edəcək. Onların istismara verilməsi Asiya ilə Avropanı Xəzər dənizi və Cənubi Qafqaz üzərindən birləşdirən nəqliyyat marşrutlarının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Layihələndirməyə əsasən, hər bir gəminin uzunluğu 149,5 metr, eni 21 metr, suya oturumu 4,5 metr, dedveyti 9,404 ton, yük tutumu isə 16,722 kubmetr təşkil edəcək.

Gəmilərin 2028-ci ilə qədər təhvil verilməsi planlaşdırılır. Bu layihə konteyner daşımalarına artan tələbatın qarşılanması, tranzit müddətlərinin azaldılması və Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması baxımından mühüm addım kimi qiymətləndirilir.

Qeyd edək ki, “Bakı Gəmiqayırma Zavodu” indiyədək 14 gəmi tikinti layihəsini tamamlayıb, 170-dən çox gəminin təmirini həyata keçirib. Hazırda zavodda 11 gəminin tikintisi davam edir, 6 layihə isə layihələndirmə mərhələsindədir.

Eyni zamanda, ötən ay zavod ilə Qazaxıstanın “KTZ Express Shipping” şirkəti arasında da əməkdaşlıq müqaviləsi imzalanıb və bu çərçivədə müasir standartlara uyğun iki quru yük gəmisinin inşası planlaşdırılır.