Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsindən sonra yenidən istismara verilməsi Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırır və iştirakçı ölkələrin iqtisadi inkişafına mühüm töhfə verir.
Denizxeber.az bildirir ki, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə səyləri ilə həyata keçirilən bu layihə 2017-ci ildə rəsmi açılışından sonra da davamlı investisiyalarla genişləndirilib. Azərbaycan Gürcüstan ərazisində yerləşən 184 kilometrlik hissənin yenilənməsinə sərmayə yatıraraq 13 stansiya, 55 körpü, 8 dartı yarımstansiyası və yüzlərlə mühəndis qurğusunun modernləşdirilməsini təmin edib.
Görülən işlər nəticəsində BTQ-nin ötürücülük qabiliyyəti illik 5 milyon tona qədər artırılıb və xətt Xəzər–Qara dəniz regionu arasında ən rəqabətqabiliyyətli tranzit marşrutlardan birinə çevrilib.
Rəsmilərin qeyd etdiyinə görə, bu cür iri infrastruktur layihələrinin uğuru uzunmüddətli siyasi iradə və regional əməkdaşlıq sayəsində mümkün olur və BTQ də bu əməkdaşlığın ən mühüm nümunələrindən biri kimi çıxış edir.





