Sintetik dövrün başlanması: rezin və plastik
Denizxeber.az Seanews.az-a istinadən xəbər verir ki, XX əsrin ortalarına doğru kimya sənayesinin inkişafı xilasedici vasitələrdə inqilab etdi. Artıq təbii materiallardan asılılıq azalırdı. Bu amil xilasedici halqa və jiletlərin istehsalında da öz təsirini göstərdi.
İkinci Dünya müharibəsi illərində pilotlar və dənizçilər arasında “Mae West” adlanan yeni növ jiletlər məşhurlaşdı. Bu jiletlər əvvəlkilərdən fərqli olaraq, içi dolu deyil, hava ilə şişirdilən quruluşda idi. Maraqlıdır ki, ona bu adı dənizçilər vermişdilər: Mey Uest o dövrün məşhur aktrisası idi.
Karbon qazı balonu ilə şişirdilən “1941 nömrəli model” (1941 pattern) “Mae West” xilasemə jileti. Tarix: İkinci Dünya müharibəsi dövrü.
1960-cı illərdə sintetik köpük materialların kəşfi ilə xilasedici jiletlər daha yüngül, daha nazik və daha davamlı oldu. Bu materialın üstünlüyü o idi ki, su udmurdu və deşilsə belə, batmazlıq qabiliyyətini itirmirdi.
Müasir texnologiyalar: “Ağıllı” xilasedicilər
Müasir xilasedici jiletlər sadəcə insanı suyun üzündə saxlayan bir vasitə deyil, həm də yüksək texnologiyalı bir cihazdır.
Avtomatik aktivləşmə: Müasir jiletlərin çoxu hidrostatik sistemlə təchiz olunub. İnsan suya düşən anda təzyiq fərqindən və ya su ilə təmasdan karbon qazı balonu işə düşür və jilet saniyələr içində özü şişir.
GPS və mayaklar: Okean sularında üzən dənizçilər üçün jiletlərə quraşdırılmış AIS (Automatic Identification System) ötürücüləri dərhal siqnal yayır və xilasedicilərə qəza yerini bir neçə metr dəqiqliklə tapmağa imkan verir.
Dönmə mexanizmi: Müasir jiletlər elə hazırlanıb ki, hətta insan huşsuz vəziyyətdə suya düşsə belə, onu avtomatik olaraq üzü yuxarı çevirir. Bu, tənəffüs yollarının suya dalmasına imkan vermir.
Xilasedici halqalar
Xilasedici halqaların yaranma tarixi də maraqlıdır. Boğulan şəxsə yardım etmək üçün xilasetmə qayığına iplə (linlə) bağlanmış müxtəlif vasitələr qoyulurdu. Onların istifadəsi xilasedicidən xüsusi məharət tələb edirdi. Çünki vasitənin ölçüsü, forması, materialı, bir sözlə, xarakteristikası xilasetmə məqamında mühüm rol oynayırdı. Zaman keçdikcə xarakteristika ilə keyfiyyət göstəricilərinin məcmusu aydınlaşdırdı ki, belə vasitələrdən ən uğurlusu halqa formasında olanıdır. Mantar ağacının qabığından hazırlanan halqanı həm atmaq, həm də tutmaq asan idi; öz çəkisi sayəsində hətta güclü küləkdə belə, hədəfə yaxın atılırdı; sudakı insan onu rahatlıqa özünə geyindirə bilirdi; batmazlıq qabiliyyəti də əvəzedilməz və danılmaz idi.
Bu vasitə XIX əsrin ortalarından uğurla tətbiq edilməyə başladı. Sonra işə ixtiraçılar qarışdı. İngilisdilli ölkələrdə bu vasitə “Kisby ring” adı ilə tanındı. Bu, Britaniya donanmasının hərbi-dəniz zabiti Tomas Kisbinin (1792–1877) ixtirasına verilən dəyər idi.
Həmin dövrdə patent büroları xilasedici halqanın bu və ya digər konstruksiyası üçün verilən müraciətlərlə dolub-daşırdı. İnsan həyatının xilasında özünü dəfələrlə təsdiqləyən xilasedici halqa tezliklə nəinki liman və sahillərdə, həm də gəmilərin göyərtələrində öz yerini aldı.
Xilasedici halqa fərdi xilasetmə vasitələrinə aid edilsə də, forması ona bəzən iki nəfəri də suyun üzündə saxlamağa imkan verir. Daşıdıqları önəmə görədir ki, Böyük Britaniyada sahildəki xilasetmə halqalarına bilərəkdən zərər vuran şəxs böyük məbləğdə cərimə edilə və hətta həbs də oluna bilər.
Göründüyü kimi, istər halqaların, istərsə də jiletlərin təkamülü sadəcə materialların yox, həm də dənizdə insan həyatına verilən dəyərin inkişaf tarixidir. Mantar bloklarından başlayan bu uzun yol, əsrlər boyu minlərlə insanın həyatını xilas edib. Henri Frimenin geyindiyi qaba mantar jilet o fırtınalı gündə davamlılıq nümayiş etdirməsəydi, bəlkə də bu gün dəniz təhlükəsizliyi qaydaları bu qədər təkmil olmazdı.
Sevda Abdullayeva,
ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin
aparıcı mütəxəssisi





