2008-ci il qlobal maliyyə böhranı səbəbindən tikintisi yarımçıq qalan konteyner gəmisi uzun fasilədən sonra kommersiya fəaliyyətinə başlayıb. 917 TEU tutumlu “Behram Box” gəmisi təhvil verildikdən sonra “Unifeeder” şirkəti tərəfindən icarəyə götürülüb.
Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, Türkiyənin “UM Shipyard” tərsanəsində təxminən 20 il əvvəl inşasına başlanılan gəminin tikintisi maliyyə böhranı səbəbindən dayandırılmışdı. Sonradan gəmi Gölcükdən Tuzlaya köçürülərək burada tamamlanıb.
Layihə çərçivəsində inşa edilən ikinci gəmi – “Numan Box”un da yaxın vaxtlarda istismara verilməsi planlaşdırılır.
Mütəxəssislərin “Türkiyənin xəyal gəmiləri” adlandırdığı bu gəmilər yeni IMO nömrələri alıb. İnşalarına 2000-ci illərin ortalarında başlanmasına baxmayaraq, onlar rəsmi olaraq 2026-cı il istehsalı kimi qeydiyyata alınacaqlar.
“Behram Box” artıq Türkiyə ilə Bolqarıstan arasında fəaliyyət göstərən yükdaşıma xəttində xidmətə başlayıb. Layihənin uğurla tamamlanması regional konteyner daşımalarına tələbatın və gəmi icarəsi bazarındakı fəallığın artdığını göstərən göstəricilərdən biri kimi qiymətləndirilir.





