Çində bir həftə açıq dənizdə qalan 39 yaşlı turist xilas edilib.
Denizxeber.az bildirir ki, hadisə Çinin Haynan adası yaxınlığında baş verib. Belə ki, 39 yaşlı çinli turist təsadüfən dənizə düşüb və sahilə çıxa bilməyib.
Məlumata əsasən, o, təxminən bir həftə ərzində xilasetmə vasitəsi olmadan dənizdə qalıb və sağ qalmaq üçün yalnız xırda xərçənglərlə qidalanıb. Güclü günəş yanığı və susuzluq səbəbindən vəziyyəti ağırlaşıb, hətta hallüsinasiyalar yaşadığı bildirilir.
Turistin sözlərinə görə, hadisənin 4–5-ci günləri ən çətin dövr olub. O, yaxınlıqdan keçən bərəyə işarə etməyə çalışsa da, diqqət cəlb edə bilməyib.
Nəhayət, Çentszyao bölgəsi yaxınlığında iki balıqçı tərəfindən aşkarlanaraq xilas edilib. Hazırda xəstəxanada müalicəsi davam etdirilir.






