Bakıda “Classics & Supercars” festivalına start verilib. İki gün davam edəcək tədbir Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda keçirilir.
Denizxeber.az bildirir ki, festival çərçivəsində Bakı Bulvarında klassik avtomobillərlə yanaşı, müasir idman avtomobilləri və superkarlar nümayiş etdirilir. Sərgidə 1986-cı ilədək istehsal olunmuş retro avtomobillər avtomobil sənayesinin tarixi inkişaf mərhələlərini əks etdirən nadir nümunələr kimi təqdim olunur.
Təşkilatçılar bildiriblər ki, klassik avtomobillər öz dövrünün mühəndislik nailiyyətlərini və dizayn xüsusiyyətlərini qoruyaraq kolleksiyaçılar və avtomobil həvəskarları tərəfindən xüsusi maraqla qarşılanır.
Festivalda həmçinin müasir texnologiyalarla təchiz olunmuş idman avtomobilləri və superkarlar da nümayiş etdirilir. Ziyarətçilər bir məkanda həm avtomobil sənayesinin tarixi, həm də müasir inkişaf mərhələsi ilə tanış olmaq imkanı əldə edirlər.
Qeyd edək ki, sərgi iyunun 6-da saat 18:00-dək, iyunun 7-də isə saat 16:00-dək davam edəcək.








