Səttar Bəhlulzadənin “Xəzərdə axşam” əsəri Azərbaycan təsviri sənətində sənaye mənzərəsinə yanaşmanın ən poetik nümunələrindən biri kimi qiymətləndirilir.
Denizxeber.az AZERTAG-a istinadən xəbər verir ki, rəssam burada Abşeronun neft buruqları və estakadalarını soyuq sənaye görüntüsü kimi deyil, təbiətin ritminə qarışan doğma bir mənzərə elementi kimi təqdim edir. Üfüqə qədər uzanan Xəzərin sakit suları ilə dənizin içindən yüksələn qurğular arasında qurulan bu kontrast əsərə xüsusi lirizm verir.
Kətanda duman içində siluetləşən neft estakadaları, bənövşəyi tonlarda əks olunan səma və sakit su səthində yaranan işıq oyunu romantik bir atmosfer yaradır. Qağayıların kompozisiyaya əlavə etdiyi hərəkət isə bu sakitliyin içində canlılıq hissi yaradır.
Bəhlulzadənin üslubuna xas olan əsas cəhət də məhz budur: sənaye mövzusunu sərt reallıq kimi deyil, təbiətlə harmoniyada olan estetik bir obraz kimi təqdim etmək.





