La-Manş boğazı qarışdı: Rusiya hərbi gəmisindən gözlənilməz gediş

44

La-Manş boğazında Rusiya Hərbi Dəniz Donanmasının “Admiral Qriqoroviç” hərbi gəmisinin heyəti ona yaxınlaşan, Böyük Britaniyada qeydiyyatdan keçmiş mülki yaxta istiqamətində xəbərdarlıq atəşi açıb.

Denizxeber.az bildirir ki, hadisə çərşənbə axşamı yerli vaxtla saat 11:40-da qeydə alınıb.

Məlumata görə, hərbi gəmi və yaxta Böyük Britaniyanın Uayt adası ilə Fransa sahilləri arasındakı dəniz ərazisində olub. Yaxtanın kimə məxsus olduğu və hansı səbəbdən Rusiya hərbi gəmisinə yaxınlaşdığı hələlik açıqlanmayıb.

Britaniya hakimiyyətinə yaxtadan daxil olan məlumatda Rusiya hərbi gəmisinin təxminən 500 metr məsafədən xəbərdarlıq atəşi açdığı qeyd olunub. İlkin məlumata əsasən, insident Uayt adasından təxminən 20 dəniz mili (37 kilometr) məsafədə, Böyük Britaniyanın ərazi sularından kənarda, beynəlxalq sularda baş verib.

BBC-nin yaydığı məlumatda isə bildirilir ki, hadisə nəticəsində yaxtaya və onun göyərtəsində olan şəxslərə hər hansı zərər dəyməyib, xəsarət alan yoxdur.

Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi bəyan edib ki, hazırda müvafiq dövlət qurumları La-Manş boğazında baş verdiyi iddia olunan insidentlə bağlı bütün məlumatları və faktları araşdırır.