İran iki aylıq məhdudiyyətlərdən sonra ilk dəfə Hörmüz boğazı vasitəsilə neft ixracına başlayıb.
Denizxeber.az bildirir ki, bu barədə CNBC telekanalı “Kpler” analitik şirkətinin məlumatlarına istinadən bildirib.
Məlumata əsasən, ümumilikdə təxminən 5 milyon barel neft daşıyan ən azı üç İran tankeri Hörmüz boğazı akvatoriyasını tərk edib. Onların arasında “National Iranian Tanker Company” dövlət şirkətinə məxsus “Diona” və “Hero 2” supertankerlərinin olduğu və bu gəmilərin təxminən 3.8 milyon barel xam neft daşıdığı qeyd olunur.
“Kpler” analitiklərinin hesabatında gəmilərin ABŞ Hərbi Dəniz Qüvvələrinin mövcud olduğu patrul ərazisindən keçə bildiyi vurğulanıb.
Qeyd edək ki, ötən gün İranın “Fars” agentliyi də ölkə gəmilərinin Hörmüz boğazında ABŞ-nin blokada zonasından keçdiyini xəbər vermişdi. Agentliyin məlumatına görə, Tehran və Vaşinqton arasında əldə olunmuş razılaşmadan sonra bir neçə tanker blokada xəttini maneəsiz şəkildə adlayıb.





