ABŞ administrasiyası neft tankerlərinin Hörmüz boğazından keçidini bərpa etmək üçün müxtəlif tədbirləri, o cümlədən ABŞ donanmasının mühafizəsi altında üzəcək gəmilər üçün xüsusi rüsum tətbiqi imkanını nəzərdən keçirir.
Denizxeber.az bildirir ki, “Politico” nəşri bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Ağ Ev İran və ABŞ arasında davam edən danışıqlar fonunda gəmi sahiblərini və sığorta şirkətlərini Hörmüz boğazından yenidən aktiv istifadə etməyə inandıra biləcək müvafiq variantları qiymətləndirir. Müzakirə olunan təkliflərdən biri də əlavə ödəniş müqabilində mülki gəmilərə ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə boğazdan sürətləndirilmiş keçid imkanlarının yaradılmasıdır. Nəşr qeyd edir ki, bu məsələ ilə bağlı hələlik yekun qərar qəbul olunmayıb.
“Kpler” analitik şirkətinin hesabatına əsasən, hazırda regional qeyri-müəyyənlik səbəbindən 220 neft tankeri də daxil olmaqla, təxminən 500 gəmi Hörmüz boğazını keçmək üçün növbə gözləyir.
Xatırladaq ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının gəmiçilik üçün yenidən açıldığını elan edib. Buna baxmayaraq, bir çox gəmi sahibi regionda təhlükəsizlik risklərinin yenidən gərginləşməsindən ehtiyatlanaraq hələ də gözləmə mövqeyinə üstünlük verir. Qeyd edək ki, mövcud böhrandan əvvəl qlobal neft tədarükünün təxminən 20 faizi məhz bu strateji boğaz vasitəsilə həyata keçirilirdi.





