Naxçıvanda balıqçılıq təsərrüfatları modernləşdirilir – FOTO

38

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkədə digər sahələrlə yanaşı, balıqçılıq və akvakultura sektorunun inkişafında yeni mərhələnin əsasını qoyur. Proqramın başlıca məqsədləri istehsalın artırılması, daxili tələbatın daha dolğun ödənilməsi, ixrac potensialının genişləndirilməsi və müasir istehsal modelinin formalaşdırılmasıdır.

Denizxeber.az bildirir ki, sənəddə balıqçılıq və akvakultura sahəsi üzrə konkret hədəflər müəyyənləşdirilib. Belə ki, 2030-cu ilədək balıq istehsalının 7,7 min tona çatdırılması, ölkənin özünütəminetmə səviyyəsinin yüksəldilməsi və ixrac imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlərə nail olmaq üçün qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması, subsidiya və güzəştlərin tətbiqi, həmçinin balıqartırma fəaliyyətinin genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçiriləcək.

Proqram çərçivəsində balıqçılıq təsərrüfatlarında müasir texnologiyaların tətbiqi, su resurslarından səmərəli istifadə, istehsal və emal zəncirinin gücləndirilməsi, logistika imkanlarının genişləndirilməsi və rəqəmsal həllərin tətbiqi prioritet istiqamətlər kimi müəyyən edilib. Dövlət Proqramının Naxçıvan Muxtar Respublikasında da uğurlu icrası üçün mühüm tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Yusif Əlizadə bildirib ki, Dövlət Proqramında balıq fonduna nəzarət və monitorinq mexanizmlərinin təkmilləşdirilməsi, balıqartırma təsərrüfatlarının istehsal imkanlarının artırılması, eləcə də su hövzələrinə balıq buraxılışının genişləndirilməsi kimi bir sıra mühüm istiqamətlər müəyyənləşdirilib: “Proqram çərçivəsində balıqçılıqla məşğul olan sahibkarlara dövlət dəstəyinin və subsidiyaların göstərilməsi istiqamətində də mühüm tədbirlər həyata keçiriləcək. Hazırda Naxçıvanda balıqçılıq təsərrüfatlarının qeydiyyata alınması istiqamətində müvafiq işlər davam etdirilir”.