Dünya ticarəti onilliklər boyu əsasən bir neçə strateji dəniz marşrutu – Hörmüz boğazı, Qırmızı dəniz və Süveyş kanalı üzərində qurulub. Lakin son hadisələr göstərdi ki, bu sistem düşündüyümüz qədər dayanıqlı deyil. Yaxın Şərqdə artan hərbi risklər, ticarət gəmilərinə hücumlar və geosiyasi gərginlik aparıcı beynəlxalq daşıyıcıları alternativ marşrutlar axtarmağa məcbur edir.
Denizxeber.az bildirir ki, bu tendensiyanın ən mühüm nümunələrindən biri dünyanın ən böyük konteyner daşıma şirkəti MSC (Mediterranean Shipping Company) tərəfindən Avropa ilə Səudiyyə Ərəbistanı arasında yeni multimodal marşrutun istifadəyə verilməsidir. Marşrutun bir hissəsinin quru yolu ilə təşkil edilməsi yüksək riskli dəniz sahələrindən asılılığı azaltmağa imkan verir.
Nəqliyyat və logistika üzrə ekspert Rauf Ağamirzayev “Bakı fəhləsi” qəzetinə müsahibəsində bildirib ki, bu qərar təkcə bir şirkətin kommersiya addımı deyil, qlobal logistika sistemində baş verən fundamental dəyişikliklərin göstəricisidir.

Onun sözlərinə görə, əvvəlki dövrdə əsas meyar daşımaların ucuzluğu və sürəti idisə, hazırda logistika zəncirinin dayanıqlılığı ön plana çıxır.
“Biznes üçün yükün vaxtında və təhlükəsiz çatdırılması artıq bir neçə günlük vaxt fərqindən daha vacibdir. Məhz buna görə də iri daşıyıcılar marşrutlarını diversifikasiya edirlər”, – deyə ekspert vurğulayıb.
Ağamirzayev qeyd edib ki, bu yanaşma yalnız Hörmüz boğazına deyil, Qırmızı dənizdə baş verən hadisələrdən sonra bütün qlobal logistika sisteminə şamil olunur. Dünya tədricən Avropa ilə Asiya arasında bir deyil, bir neçə etibarlı nəqliyyat marşrutunun mövcud olduğu modelə qayıdır.
Bu şəraitdə Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən Orta Dəhlizin əhəmiyyəti daha da artır.
Ekspert hesab edir ki, son aylarda baş verən hadisələr Azərbaycanın Avrasiya logistikasındakı rolunu xeyli gücləndirib. Əgər bir neçə il əvvəl Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu alternativ yol kimi qiymətləndirilirdisə, bu gün o, Asiya ilə Avropa arasında ən perspektivli marşrutlardan birinə çevrilməkdədir.
Onun sözlərinə görə, buna şimal marşrutunda tətbiq olunan sanksiyalar, cənub dəniz yollarındakı qeyri-sabitlik və biznesin təchizat zəncirlərini şaxələndirmək istəyi səbəb olub.
Ağamirzayev vurğulayıb ki, Azərbaycan bu sistemin mərkəzində yerləşir. Ölkə ərazisindən dəmir yolu və dəniz daşımaları keçir, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyət göstərir, Bakı–Tbilisi–Qars dəmir yolu inkişaf etdirilir və nəqliyyat infrastrukturu müasir tələblərə uyğun genişləndirilir.
Ekspert hesab edir ki, artıq rəqabət ayrı-ayrı limanlar və ya dəmir yolları arasında deyil, bütöv logistika ekosistemləri arasında gedir.
“Qalib sürətli, şəffaf prosedurlara, sabit tariflərə və proqnozlaşdırıla bilən çatdırılma müddətlərinə malik marşrut olur.”
Onun sözlərinə görə, Azərbaycan, Qazaxıstan və Gürcüstan hazırda vahid tarif mexanizmləri, daşımaların rəqəmsallaşdırılması və marşrut üzrə koordinasiyanın gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərirlər ki, bu da Orta Dəhlizin rəqabət qabiliyyətini artırır.
MSC kimi qlobal nəhənglərin marağına toxunan ekspert bildirib ki, bu, bazar üçün çox ciddi siqnaldır.
MSC dünyanın ən böyük konteyner daşıma şirkətidir. Onun donanmasında təxminən 1000 gəmi, illik daşımalarının həcmi isə 30 milyon TEU-ya yaxındır.
“Belə şirkətlər marşrutlarını təsadüfi dəyişmirlər. Hər qərar risklərin, xərclərin və uzunmüddətli perspektivlərin ətraflı təhlili əsasında qəbul olunur.”
Bu isə Xəzər regionuna, liman infrastrukturuna, terminallara, dəmir yolu və multimodal daşımalara beynəlxalq marağın artması deməkdir.
Ekspert qeyd edib ki, Azərbaycanın üstünlüyü artıq yalnız coğrafi mövqeyi ilə məhdudlaşmır. Yüklərin operativ keçidi, rəqəmsal həllər, müasir liman infrastrukturu və marşrut ölkələrinin vahid sistem kimi işləməsi getdikcə daha vacib amilə çevrilir.
Ağamirzayev Orta Dəhlizin uğurunun bütün iştirakçı ölkələrin koordinasiyasından asılı olduğunu bildirib.
Azərbaycan, Qazaxıstan və Gürcüstan artıq vahid inkişaf modeli və tarif siyasəti formalaşdırırlar. Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də çıxışlarında danışıb.
Bununla yanaşı, Xəzərdə yükdaşıma imkanlarının artırılması, ticarət donanmasının genişləndirilməsi, dibdərinləşdirmə işləri və limanların modernləşdirilməsi üzrə birgə layihələr həyata keçirilir.
Ekspert Türkiyənin rolunu da xüsusi qeyd edib. Onun sözlərinə görə, Bakı–Tbilisi–Qars dəmir yolu, Mərməray tuneli, Yavuz Sultan Səlim körpüsü, Mersin və Filyos limanları, eləcə də intermodal terminallar və dəmir yolu şəbəkəsinin inkişafı Asiya ilə Avropa arasında fasiləsiz multimodal zəncir formalaşdırır.
Beləliklə, Orta Dəhliz artıq ayrıca marşrut deyil, vahid nəqliyyat məhsuluna çevrilməkdədir.
Ağamirzayev hesab edir ki, dünya logistikası son 70 ilin ən ciddi transformasiya dövrünü yaşayır.
Onun fikrincə, əvvəlki böyük inqilab 1956-cı ildə Malkolm Maklin tərəfindən konteyner daşımalarının tətbiqi ilə baş vermişdi. Bu gün isə yeni mərhələ başlayır.
“Əgər əvvəllər əsas məqsəd daşımaları maksimum ucuzlaşdırmaq idisə, indi prioritet logistika zəncirinin dayanıqlılığıdır.”
Ekspert qeyd edib ki, müasir logistika şirkətləri artıq yalnız gəmiçiliklə kifayətlənmirlər. Onlar limanlar, dəmir yolları, avtomobil daşımaları, hava logistikası və terminalları vahid sistem kimi idarə etməyə çalışırlar.
Onun sözlərinə görə, Orta Dəhlizdə konteyner daşımalarının artması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, dəmir yolu infrastrukturunun modernləşdirilməsi və rəqəmsallaşma Azərbaycanın Avrasiyanın əsas logistika mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır.
Bu kontekstdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıda Regional Nəqliyyat Bağlantıları üzrə İnvestisiya Konfransının keçirilməsi təşəbbüsü də Azərbaycanın strateji əhəmiyyətinin beynəlxalq səviyyədə tanınmasının növbəti göstəricisi kimi qiymətləndirilir.
Ağamirzayev xatırladıb ki, Azərbaycanın bu rolu təsadüfi deyil. Hələ 1993-cü ildə yaradılan TRACECA (Avropa–Qafqaz–Asiya Nəqliyyat Dəhlizi) proqramında Bakı əsas mərkəzlərdən biri olub və təşkilatın qərargahına ev sahibliyi edib.
Ekspert vurğulayıb ki, bu gün artıq söhbət yalnız tranzitdən getmir. Müasir logistika nəqliyyat, rəqəmsal texnologiyalar, investisiyalar və regional inteqrasiyanın vəhdətinə çevrilir və Avropa İttifaqının yeni təşəbbüsləri də məhz onilliklər ərzində formalaşmış bu strateji konsepsiyanın məntiqi davamıdır.





