Dənizlərdə enerji çevrilişi başlayır

43

Böyük Britaniyanın “Drift Energy” startapı külək enerjisi hesabına yaşıl hidrogen istehsal edən ən azı 50 gəminin inşasını nəzərdə tutur. Şirkət bunun üçün “Commenda Capital Partners” ilə strateji maliyyə və layihə əməkdaşlığı sazişi imzalayıb.

Denizxeber.az bildirir ki, layihə çərçivəsində 500 milyon ABŞ dollarından çox investisiya cəlb ediləcək. “Drift Energy” gəmi texnologiyası, bortda hidrogen istehsal sistemləri və layihələrin həyata keçirilməsinə cavabdeh olacaq, “Commenda Capital Partners” isə maliyyələşdirmə və investisiya proseslərini idarə edəcək.

Yelkənli gəmilər dənizdə külək enerjisindən istifadə etməklə yaşıl hidrogen istehsal edəcək və onu limanlara, adalara və sahilyanı istehlakçılara çatdıracaq. Şirkətin fikrincə, bu yanaşma ənənəvi bərpa olunan enerji layihələrində rast gəlinən elektrik şəbəkəsi və infrastruktur məhdudiyyətlərini aradan qaldırmağa kömək edəcək.

“Drift Energy” bildirib ki, ilk gəmini 2027-ci ildə istismara verməyi, daha sonra isə seriyalı istehsala başlamağı planlaşdırır. Şirkətin enerji istehsal edən gəmi layihəsi bu ilin əvvəlində RINA təsnifat cəmiyyətindən prinsipal təsdiq (“Approval in Principle” – AiP) də alıb. Bu, belə konsepsiyaya verilən ilk AiP hesab olunur.