Türkmənistanın Niderlanddakı səfiri Sapar Palvanov dünyanın aparıcı gəmiqayırma şirkətlərindən biri olan Damen Shipyards Group-un qərargahında görüş keçirib. Tərəflər Türkmənbaşı Beynəlxalq Dəniz Limanındakı “Balkan” Gəmiqayırma və Gəmi Təmiri Zavodunda birgə gəmi istehsalı imkanlarını, həmçinin limanların dibdərinləşdirilməsi layihələrində əməkdaşlığı müzakirə ediblər. Damen şirkətinin Türkmənistanla bu sahədə artıq uğurlu əməkdaşlıq təcrübəsinin olduğu da vurğulanıb.
Denizxeber.az bildirir ki, bu əməkdaşlıq Azərbaycanda da xüsusi maraq doğurur. Çünki Bakı Gəmiqayırma Zavodunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının sifarişi ilə inşa edilən “Mühəndis Soltan Kazımov” adına dibdərinləşdirmə gəmisinin layihəsi də məhz Damen Shipyards Gorinchem B.V. tərəfindən hazırlanıb.
2025-ci ilin may ayında təhvil verilən bu gəmi Azərbaycanda ilk dəfə yerli istehsal olunan dibdərinləşdirmə gəmisidir. Uzunluğu 61,2 metr, eni 10,5 metr, suya oturumu 1,65 metr, qazma dərinliyi isə 18 metr təşkil edir. Bu gəmi Bakı Limanında və Xəzər dənizində naviqasiya təhlükəsizliyinin artırılması, limanların daha iri gəmiləri qəbul etməsi və yükdaşımaların səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Həm Türkmənistanın, həm də Azərbaycanın Damen kimi qabaqcıl Avropa şirkətləri ilə əməkdaşlığı göstərir ki, Xəzər regionunda liman infrastrukturu, gəmiqayırma və dibdərinləşdirmə sahələrinə yatırılan investisiyalar Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasına və regionun beynəlxalq logistika mərkəzi kimi mövqeyinin daha da güclənməsinə xidmət edir.





