Xalqımızın və dövlətimizin milli maraqlarının dünyadakı etibarlı təmsilçisi

164

Bu gün Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü qeyd olunur.

Denizxeber.az bildirir ki, müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın böyük rolunu nəzərə alaraq, Prezident İlham Əliyev 2007-ci il avqustun 24-də xüsusi Sərəncam imzalayıb. Sərəncama əsasən, 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyi gün hər il ölkəmizdə peşə bayramı kimi təsis olunub.

Arxivlərdən AXC-nin Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd məhz bu müvəqqəti təlimat olduğundan, fərqli variantlar (Osmanlı Türkiyəsi ilə bağlanan ilk müqavilə günü və ya Paris Sülh Konfransında müstəqilliyimizin de-fakto tanındığı tarix) arasından məhz 9 iyul tarixi diplomatiya gününün əsası kimi seçilib.

Tarixi keçmişdən müstəqillik dövrünə

Azərbaycan diplomatiyası ilk addımlarını atarkən – hələ 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya və İranın diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında AXC-nin müstəqilliyi de-fakto tanındıqdan sonra Qərbi Avropa və Amerikada səfirlərin təyin edilməsi barədə qanun layihələri hazırlansa da, sovet işğalı bu prosesi yarımçıq qoydu. 1922-ci il dekabrın 30-da SSRİ-nin yaradılması ilə Azərbaycanın müstəqil xarici siyasətinə tamamilə son qoyuldu və bütün nümayəndəliklər ləğv edildi. 1944-cü ildə formal olaraq Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı yaradılsa da, bu qurum uzun illər real səlahiyyətlərə malik olmadı.

Yalnız 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycan dünya birliyi tərəfindən sürətlə tanınmağa başladı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı milli dövlətçilik institutları ilə bərabər Xarici İşlər Nazirliyi sistemini də tamamilə yenidən qurdu. Ulu öndər Azərbaycanın xarici siyasətinin strateji ana xəttinin konturlarını cızdı.

Zəfər gətirən müasir xarici siyasət və genişlənən şəbəkə

Ulu öndərin balanslaşdırılmış xarici siyasət xətti bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sürətlə dəyişən qlobal və regional çağırışlar fonunda Azərbaycan öz milli maraqlarını hər zaman ən yüksək səviyyədə müdafiə edir. Məhz bu məqsədyönlü diplomatik və hərbi strategiya sayəsində Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoyuldu və torpaqlarımız azad edildi. Müharibədən sonrakı dövrdə də Azərbaycanın artan nüfuzu regionda yeni reallıqlar yaratdı və bir çox tərəfdaş ölkələr Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prosesində fəal iştirak etmək niyyətlərini bəyan etdilər.

Bu gün bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutan Azərbaycan, dünya miqyasında özünəməxsus çəkisi və sözü olan ölkəyə, həmçinin unikal əməkdaşlıq məkanına çevrilib. Ölkəmizin beynəlxalq arenada maraqlarını qoruyan xarici missiyaların şəbəkəsi də ildən-ilə genişlənir. Hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə:

  • 70 səfirliyi,
  • 64 daimi nümayəndəliyi,
  • 6 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi,
  • 9 baş konsulluğu,
  • 1 təmsilçilik ofisi və 7 səfirlik ofisi fəaliyyət göstərir (cari ildə Portuqaliyada da yeni səfirliyin açılması barədə rəsmi qərar qəbul edilib).