Ukraynanın Odessa vilayətindəki limanlardan birində mineral gübrə boşaldan Toqo bayraqlı yük gəmisi Rusiyanın pilotsuz uçuş aparatı (PUA) ilə vurulub. Hücum nəticəsində gəminin üst quruluşunda yanğın baş verib.
Denizxeber.az bildirir ki, Ukrayna rəsmilərinin məlumatına görə, hadisə nəticəsində beş ekipaj üzvü həlak olub, 12 nəfər isə yaralanıb. Yaralılardan yeddisinin xəstəxanada müalicəsi davam edir.
Hücum zamanı liman infrastrukturu və digər mülki obyektlər də zərər görüb. Ümumiyyətlə, son günlər Odessa vilayətinin dəniz limanlarına pilotsuz uçuş aparatları ilə hücumların intensivləşdiyi bildirilir.
Bu arada Ukrayna da Rusiyanın enerji infrastrukturuna uzaqmənzilli PUA-larla zərbələr endirib. Hücumlar nəticəsində Krasnodar diyarı və Başqırdıstandakı neft emalı obyektlərində yanğınlar baş verib.
Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominqes mülki ticarət gəmilərinə qarşı hücumları pisləyərək, dənizçilərin münaqişələrin qurbanına çevrilməsinin qəbuledilməz olduğunu bildirib.





