“Heerema Marine Contractors” şirkətinin Fransanın “Amphitrite” şirkəti ilə birlikdə hazırladığı süni intellekt əsaslı marşrut optimallaşdırma sistemi uğurlu nəticə verib.
Denizxeber.az bildirir ki, pilot layihə Rotterdamdan Nyu-Yorka dəniz külək elektrik stansiyası üçün yarımstansiyanın quraşdırılmasına yollanan “Sleipnir” gəmisində sınaqdan keçirilib.
Şirkətin məlumatına görə, yeni texnologiya sayəsində “Sleipnir” yarımdalma kran gəmisinin Şimali Atlantik okeanı üzrə keçid müddəti 2,5 gün azalıb. Optimallaşdırılmış marşrut gəminin yolunu 240 dəniz mili qısaldıb, karbon qazı (CO₂) emissiyalarını isə 18 faizə qədər azaldıb.
Sistem gəminin əvvəlki beş illik istismar məlumatları əsasında hazırlanıb və bu zaman hava şəraiti, dalğalar və okean axınlarını nəzərə alıb.
Layihənin uğurlu nəticələri “Heerema”nın süni intellekt əsaslı marşrut optimallaşdırma texnologiyasını donanmasının digər gəmilərində də tətbiq etməsinə imkan yaradacaq.





