Son dövrlərdə dünyanın müxtəlif bölgələrində mülki ticarət gəmilərinə qarşı həyata keçirilən silahlı hücumlar və dəniz təhlükəsizliyi ilə bağlı risklərin artması fonunda “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyi (ADDİB) Azərbaycan dənizçilərinə müraciət edib.
ADDİB bildirir ki, mövcud təhlükəsizlik şəraiti hər bir dənizçidən daha məsuliyyətli qərarlar qəbul etməyi tələb edir və imkan daxilində hərbi əməliyyatların davam etdiyi, eləcə də təhlükəsizlik baxımından yüksək risk daşıyan bölgələrdə işləməkdən çəkinmək tövsiyə olunur.
Birlik Azərbaycan dənizçilərinə çağırış edir ki:
- təhlükəsizlik baxımından yüksək risk daşıyan bölgələr və marşrutlar üzrə iş təkliflərini qəbul etməsinlər;
- işləyəcəkləri şirkət, vasitəçi (crewing) agentliyi və marşrut barədə əvvəlcədən ətraflı araşdırma aparsınlar;
- daşınacaq yükün xarakteri və səfərin istiqaməti barədə tam məlumat əldə etmədən qərar verməsinlər;
- yalnız rəsmi əmək müqaviləsi əsasında fəaliyyət göstərsinlər və müqavilənin bütün şərtləri ilə diqqətlə tanış olsunlar;
- Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (ITF) təqdim etdiyi hüquq və təminatlar barədə məlumatlı olsunlar.
İlham Nəsirov: “Heç bir maaş insan həyatından dəyərli deyil”
ADDİB sədri İlham Nəsirov bildirib ki, son hadisələr bir daha göstərir ki, yüksək əməkhaqqı vədləri heç vaxt insan həyatını riskə atmağa əsas ola bilməz.
“Bu gün hər bir Azərbaycan dənizçisini riskli bölgələrdə işləmək təkliflərini ciddi şəkildə qiymətləndirməyə, mümkün olduqda isə belə təkliflərdən imtina etməyə çağırırıq. Heç bir maaş, heç bir müqavilə və heç bir qazanc insan həyatından daha qiymətli deyil.”
O qeyd edib ki, gəmiçilik şirkətləri və vasitəçi agentliklər də dənizçilərə qarşı tam şəffaf davranmalı, marşrut, yük və mövcud təhlükəsizlik riskləri barədə onları əvvəlcədən dolğun şəkildə məlumatlandırmalıdırlar.
“Ən böyük qazanc ailənizin yanına sağ-salamat qayıtmaqdır. Verdiyiniz hər qərarı bu düşüncə ilə qəbul edin.”





