Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilində yerləşən Yanbu limanında husi qruplaşmasının dəniz blokadası təhdidlərindən bəri ən yüksək işçi fəallığı qeydə alınıb. Limanın yükləmə terminallarında eyni vaxtda 5 ədəd çox böyük xam neft tankeri (VLCC) yer alıb.
Denizxeber.az bildirir ki, peyk təsvirləri Yanbu limanının xam neft yükləmə obyektlərində beş supertankerin lövbər saldığını göstərir. Bu göstərici husilərin iki həftə əvvəl Səudiyyə limanlarına tətbiq etdiyi təhdid və blokada bəyanatlarından sonra Yanbu akvatoriyasında müşahidə olunan ən aktiv dənizçilik günüdür.
İran ilə gərginlik fonunda Hörmüz boğazında gəmiçilik risklərinin artması Səudiyyə Ərəbistanının xam neft ixracında Yanbu dəniz terminalının strateji əhəmiyyətini kəskin artırıb. Səudiyyə Ərəbistanı neftin böyük hissəsini daxili boru kəmərləri ilə Qırmızı dəniz sahilinə nəql edərək dəniz yolu ilə beynəlxalq bazarlara göndərir. Qeyd edək ki, “Very Large Crude Carrier” (VLCC) tipli bir supertanker təxminən 2 milyon barel neft daşıma tutumuna malikdir.
“Vortexa” və “Kpler” gəmi izləmə analitik şirkətlərinin məlumatına əsasən, Yunanıstana məxsus “Lesvos” və Hindistan bayrağı altında üzən “Desh Vaibhav” tankerləri təhlükəsizlik məqsədilə avtomatik eyniləşdirmə sistemlərini (AIS transponderləri) söndürərək Yanbu limanında yüklənmiş Səudiyyə neftini Bab əl-Məndəb boğazı vasitəsilə nəql ediblər. Gəmilər Yanbu yaxınlığında koordinat ötürülməsini dayandırdıqdan sonra Oman sahillərində təkrar radarlarda görünməyə başlayıblar.
Rusiya xam neftini daşıyan gəmilər və digər bəzi dəniz nəqliyyat vasitələri transponderləri açıq vəziyyətdə Bab əl-Məndəbdən keçməyə davam etsələr də, husilərin hücum riski bir çox Səudiyyə gəmisini Afrika qitəsini (Ümid burnunu) dövr edən daha uzun və xərcli marşruta yönəlməyə məcbur edir.
Eyni zamanda, Səudiyyə Ərəbistanı Asiya bazarlarına gedən xam neft axınının bir hissəsini Qırmızı dənizdən Misirin Aralıq dənizi sahilindəki SUMED boru kəməri şəbəkəsinin terminalı olan Sidi Kərir məntəqəsinə istiqamətləndirib.
“Kpler” dəniz statistikasına görə, cümə və bazar günləri arasında Hörmüz boğazından hər iki istiqamətdə 34 əmtəə gəmisi, Bab əl-Məndəb dəniz keçidindən isə 75 tanker tranzit edib. Cümə günü Fars körfəzindən dənizə 8,4 milyon bareldən çox xam neft yola salınıb ki, bu da regiondakı fevral gərginliyindən bəri qeydə alınan en yüksək gündəlik dəniz daşıma göstəricilərindən biridir. Yüklərin böyük hissəsi AIS sistemləri söndürülmüş gəmilər tərəfindən daşınıb.





