“Suraxanı” gəmi-muzeyi ziyarətçilərin ixtiyarına verilib – FOTO

275

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Açıq Qapı Günü keçirilib.

Denizxeber.az bildirir ki, Azərbaycan dənizçilik tarixinin, zəngin gəmiçilik irsinin və dəniz nəqliyyatı sahəsinin daha geniş auditoriyaya tanıdılması, eləcə də gənclər arasında dənizçilik peşəsinə marağın artırılması məqsədilə təşkil edilən tədbir çərçivəsində muzeyə giriş hər kəs üçün tamamilə ödənişsiz olub.

Açıq Qapı Günündə müxtəlif yaş qruplarından olan paytaxt sakinləri, dənizçilər, tələbələr və xarici turistlər gəmi-muzeyi ziyarət edərək ekspozisiya zalları, navigasiya sistemləri və burada nümayiş etdirilən unikal dənizçilik eksponatları ilə yaxından tanış olublar.

Ekskursiyalar zamanı peşəkar bələdçilər qonaqlara gəmi-muzeyin yaranma tarixi, interaktiv multimedia zalları, Xəzərdə naviqasiya vərdişləri və Azərbaycan dənizçilərinin tarixi fədakar əməyi barədə ətraflı məlumat veriblər.

Tədbir çərçivəsində gəmi göyərtəsində ziyarətçilər, xüsusilə azyaşlılar üçün maraqlı əyləncə proqramı təşkil edilib. Muzey ərazisində DJ-in iştirakı ilə dəniz mövzulu musiqili proqram təqdim olunub, animatorlar uşaqlar üçün müxtəlif maarifləndirici əyləncələr keçiriblər.

Açıq Qapı Günündə keçirilən interaktiv oyun və viktorinaların qaliblərinə dənizçilik mövzusunda xüsusi “puzzle” dəstləri və “Dənizçilik Əlifbası” kitabları hədiyyə olunub.