Dəniz nəqliyyatında rəqəmlər

42

Qara dənizdə Rusiya-Ukrayna müharibəsi fonunda naviqasiya risklərinin kəskin artmasına baxmayaraq, 2026-cı ilin yanvar–iyun aylarında Türkiyənin Bosfor (İstanbul) və Çanaqqala boğazlarından ümumilikdə 40 min 218 ticarət gəmisi keçib.

Denizxeber.az bildirir ki, qlobal dəniz logistikası üçün strateji qovşaq olan Türk boğazları hərbi gərginliklərə rəğmən beynəlxalq yükdaşımaların fasiləsizliyini təmin etməyə davam edir.

Dənizçilik idarəsinin təhlilində vurğulanır ki, Yaxın Şərqdəki geosiyasi böhran səbəbindən Hörmüz boğazında gəmi naviqasiyasında yaranan maneələr və qlobal dəniz marşrutlarının yenidən formalaşması fonunda İstanbul və Çanaqqala boğazlarının tranzit əhəmiyyəti bir daha sübut olunub.

Boğazlar üzrə naviqasiya statistikası:

  • İstanbul boğazı (Bosfor): 19 min 277 gəmi
  • Çanaqqala boğazı (Dardanel): 20 min 941 gəmi

Boğazlardan tranzit keçən dəniz vasitələrinin növlərinə görə bölgüsündə ümumi yük gəmiləri (general cargo) üstünlük təşkil edib. Yarımil ərzində hər iki boğazdan ümumilikdə 13 min 127 ümumi yük gəmisi istifadə edib.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə İstanbul və Çanaqqala boğazlarından ümumilikdə 40 min 988 dəniz nəqliyyat vasitəsi (19 min 381-i İstanbul, 21 min 607-si Çanaqqala) keçmişdi. Bu göstəricilər qlobal gəmiçilikdəki gərginliklərə baxmayaraq boğazlardakı tranzit dəniz trafiki intensivliyinin sabit qaldığını göstərir.