Fransadan Böyük Britaniya istiqamətində La-Manş boğazı ilə hərəkət edən miqrantları daşıyan qayığın mühərrikində yanğın baş verib.
Denizxeber.az-ın BBC telekanalına və Fransanın La-Manş və Şimal dənizi prefekturasının rəsmi açıqlamasına istinadən verdiyi məlumata görə, insident avqustun 4-də səhər saatlarında dənizdə hərəkətdə olan qayığın mühərrik hissəsinin anidən alışması nəticəsində meydana gəlib.
Hadisə barədə həyəcan siqnalı alındıqdan dərhal sonra Fransa Dəniz Xilasetmə Xidmətinin katerləri əraziyə cəlb olunub. Keçirilən dəniz-xilasetmə əməliyyatı nəticəsində mühərriki yanan qayıqdakı 157 nəfər təhlükəsiz şəkildə təxliyə olunaraq Fransanın Bulon-sür-Mer dəniz limanına çatdırılıb.
Dənizdəki operativ müdaxilə sayəsində xəsarət alan və ya boğulan olmayıb. Limana gətirilən miqrantlara ilkin tibbi və sosial yardım göstərilib, dəniz polisləri tərəfindən hadisə ilə bağlı araşdırmalara başlanılıb.





