Qara dənizdə kəskin gərginlik – YENİLƏNİB

331

Avqustun 3-ü axşam və avqustun 4-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın dəniz limanlarına, gəmiçilik infrastrukturuna və yük dəniz gəmilərinə ardıcıl raket və dron zərbələri endirib.

Denizxeber.az-ın Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatına istinadən verdiyi xəbərə görə, dəniz akvatoriyasında və limanlarda Ukrayna ordusu üçün təchizat daşıdığı iddia edilən dörd quru yük gəmisi hədəfə alınaraq vurulub.

Rusiya MN-in açıqlamasında bildirilir: “Nikolayev dəniz limanında hərbi təyinatlı yükləri olan quru yük gəmisi, Yujnı limanında isə hərbi təchizatın yükboşaltma əməliyyatını həyata keçirən eyni tipli dəniz gəmisi vurulub. Odessadan cənubda dənizlə hərəkət edərkən Ukrayna limanlarına silah və hərbi əmlak çatdıran daha iki quru yük gəmisi də dənizdə zərbəyə məruz qalıb”.

Bununla yanaşı, Rusiya qoşunları Odessa vilayətində yerləşən Çernomorsk dəniz limanındakı terminalları və Çernomorsk avtomobil aqreqatları zavodunun ərazisini də yüksək dəqiqlikli silahlar və PUA-lar vasitəsilə atəşə tutub.

Limanlara endirilən zərbələrlə yanaşı, avqustun 4-nə keçən gecə Rusiya hərbi aviasiyası Ukraynanın Sumı şəhərini idarəolunan aviabombalarla (KAB) bombalayıb.

Sumı Vilayət Hərbi İdarəsinin rəhbəri Oleq Qriqorovun verdiyi məlumata görə, Kovpakovski rayonuna ümumilikdə 6 aviabomba düşüb. Zərbələr nəticəsində mülki yaşayış sektoru və infrastruktur obyektləri ciddi zərər çəkib. Nəticədə 3 nəfər – yaşlı bir qadın və evin dağıntıları altından cəsədləri çıxarılan 5 və 10 yaşlı iki azyaşlı qız həlak olub. Daha dörd sivil sakin isə yaralanaraq tibbi yardım üçün müraciət edib.

Rusiya Silahlı Qüvvələri Qara dəniz əməliyyat zonasında və Nikolayev dəniz limanı akvatoriyasında Ukrayna ordusu üçün hərbi təchizat və əmlak daşıdığı bildirilən yeddi quru yük gəmisinə “Geran” tipli kamikadze pilotsuz uçuş aparatları (PUA) vasitəsilə növbəti zərbələr endirib.

Dəniz nəqliyyatı vasitələrinə və liman infrastrukturlarına endirilən bu kütləvi dron zərbələri Kiyevin dəniz yolu ilə hərbi texnika, döyüş sursatı və silah nəql etmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq məqsədi daşıyır.

Rusiya hərbi idarəsindən bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin logistika zəncirinə xidmət edən dəniz obyektlərinə və yük gəmilərinə qarşı sistemli dəniz/hava hücumları bundan sonra da davam etdiriləcək.