Avqustun 4-də Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Unudulmaz Xalq artisti Ramiz Məlikin doğum günüdür.
Denizxeber.az bildirir ki, Ramiz Məlik 1943-cü ildə Bakıda dünyaya göz açıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olaraq Rza Təhmasib, Tofiq Kazımov və Məlik Dadaşov kimi nəhəng sənətkarlardan dərs alıb, 1967-ci ildə məzun olub.
Elə həmin ildən Akademik Milli Dram Teatrının truppasına qəbul edilən aktyor ömrünün sonunadək bu mənəvi məbədə xidmət edib. Səhnədə yaratdığı koloritli obrazlarla yanaşı, “Yastı təpə”, “Yad adam”, “Xurşidbanu Natəvan” kimi məşhur pyeslərin tamaşaya hazırlanmasında rejissor kimi də səmərəli fəaliyyət göstərib.
Ramiz Məlik milli kinomuzun inciləri sayılan “Ad günü”, “Axırıncı aşırım”, “Dağlarda döyüş”, “O qızı tapın”, “Yeddi oğul istərəm…”, “Qəm pəncərəsi”, “Qəzəlxan” da daxil olmaqla 60-a yaxın filmdə yadda qalan rollar silsiləsi yaradıb.
Ustad sənətkarın xidmətləri dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, 1982-ci ildə Əməkdar artist, 1998-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb, 1984-cü ildə Dövlət mükafatı laureatı olub. Teatr sənətinin inkişafındakı müstəsna xidmətlərinə görə “Şöhrət” ordeni, Cəfər Cabbarlı mükafatı, “Sənətkar” medalı və Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.
Xalq artisti Ramiz Məlik 2023-cü il dekabrın 14-də 80 yaşında vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.





