Sualtı təhlükəsizlik güclənir

36

Fransanın Müdafiə və Veteranlar Nazirliyi ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz minaəleyhinə mübarizə imkanlarının modernləşdirilməsi çərçivəsində təxminən 12 əlavə suüstü və sualtı dronun sifariş ediləcəyini bəyan edib.

Denizxeber.az bildirir ki, yeni PUA və robototexniki dron sistemlərini əməliyyat bölgələrinə daşımaq və operativ yerləşdirmək üçün xüsusi köməkçi dəniz gəmilərinin icarəyə götürülməsi nəzərdə tutulur. Əsas məqsəd Fransanın materik sahillərinə və strateji dəniz dəhlizlərinə yaxın akvatoriyaların mühafizəsini gücləndirməkdir.

Bu addım Silahlanma Baş İdarəsinin (DGA) rəhbərliyi altında həyata keçirilən “Gələcəyin Mina Əleyhinə Mübarizə Sistemi” (SLAM-F) proqramı və 2024–2030-cu illəri əhatə edən Hərbi Proqramlaşdırma Qanunu çərçivəsində atılıb. SLAM-F proqramının əsas hədəfi şəxsi heyətin həyati riskini sıfıra endirməklə dəniz minalarını distans idarə olunan sistemlərlə aşkarlamaq və zərərsizləşdirməkdir.

SLAM-F layihəsi geniş Avropa dəniz tərəfdaşlığına söykənir:

  • Dron texnologiyaları: Böyük Britaniya ilə birgə hazırlanır.
  • Daşıyıcı dəniz platformaları: Belçika və Niderland HDQ ilə hərbi kooperasiya əsasında formalaşdırılır.

Nazirlikdən bildirilib ki, mövcud qlobal geosiyasi gərginlik dəniz minalarının ticarət və hərbi gəmiçiliyə törətdiyi risklərin kəskin artdığını göstərir. Bu proqram dənizdə naviqasiya təhlükəsizliyini və hərbi dəniz qüvvələrinin əməliyyat sərbəstliyini qorumağa xidmət edir.

Bundan əlavə, Fransa HDQ-nin yaxın illərdə minatəmizləyən dalğıclar üçün yeni xüsusi dəstək gəmiləri və dron daşıyıcı minaəleyhinə döyüş gəmiləri (MCMV) ilə təchiz olunacağı planlaşdırılır. Bu dəniz platformaları pilotsuz sistemlərin uzaq akvatoriyalarda və uzunmüddətli dəniz missiyalarında tətbiqinə imkan verəcək.