Taxıl bazarında qiymətlərin artacağı gözlənilir

42

Yaxın Şərqdə davam edən hərbi gərginlik və Qara dəniz akvatoriyasında Rusiya-Ukrayna müharibəsinin intensivləşməsi qlobal iqtisadiyyatda, xüsusilə dəniz logistikası və ərzaq təhlükəsizliyi sahəsində ciddi problemlərə yol açıb. Yaxın Şərqdəki böhran dənizlə enerji daşımalarına və neft-qaz qiymətlərinə mənfi təsir göstərdiyi halda, Qara dənizdə ticarət flotinqinə və dəniz limanlarına endirilən zərbələr dənizlə taxıl daşınmasını iflic edərək qlobal taxıl bazarında kəskin bahalaşma riski yaradıb.

Denizxeber.az bildirir ki, Rusiya və Ukraynanın dəniz və nəqliyyat infrastrukturlarına, eləcə də logistika zəncirinə vurduqları qarşılıqlı zərbələr ilk növbədə dəniz tranzitini zəiflədib və kənd təsərrüfatı sahələrində istehsalı azaldıb.

Qara dəniz akvatoriyasında taxıl daşıyan yük gəmilərinin (bulk carrier/dry cargo) pilotsuz uçuş aparatları (PUA) vasitəsilə vurulması dənizdə naviqasiya təhlükəsizliyini minimuma endirib. İndiyədək Rusiyanın 200-ə yaxın yük gəmisinin Ukrayna PUA-ları tərəfindən vurularaq sıradan çıxarıldığı bildirilir. Bu təhlükələr fonunda gəmi sahiblərinin Qara dənizə daxil olmaqdan imtina etməsi nəticəsində dəniz fraxt tarifləri kəskin yüksəlibvə beynəlxalq bazarlarda 1 ton taxılın qiyməti 370 dollara çataraq rekord həddə yaxınlaşıb.

Belçikanın “EUalive.net” nəşrinin təhlilinə əsasən, Azov dənizi sahilində yerləşən və Rusiyanın əsas dəniz taxıl qovşaqlarından biri olan Taman dəniz limanının taxıl terminalı raket və PUA zərbələri ilə ciddi zədələndiyi üçün Moskva dənizlə taxıl nəql etmək üçün alternativ, daha uzun və baha başa gələn logistik marşrutlar axtarmaq məcburiyyətindədir. Bu isə dəniz nəqliyyatı və sığorta xərclərini daha da artıracaq ki, nəticədə dənizlə daşınan 1 ton taxılın qiymətinin yaxın vaxtlarda 400 dolları ötəcəyi proqnozlaşdırılır.

Dəniz logistikasındakı böhranla yanaşı, hər iki ölkədə daxili istehsal imkanları da məhdudlaşıb:

  • Ukrayna: Taxıl əkini sahələrinin bir hissəsi işğal altındadır, digər hissələrində isə aktiv hərbi əməliyyatlar dənizə çıxışı olan təsərrüfatların fəaliyyətini dayandırıb.
  • Rusiya: Ukraynanın Rusiyanın 30-dan çox neftayırma zavodunu (NAZ) PUA-larla sıradan çıxarması ölkədə ciddi yanacaq qıtlığı yaradıb. Bu da taxıl biçini aparan kənd təsərrüfatı texnikasının yanacaqla təminatını çətinləşdirərək məhsulun tarlalarda tələf olmasına gətirib çıxarır.

Bazardakı taxıl qıtlığı və dəniz daşımalarının bahalaşması ilk növbədə Rusiya və Ukrayna taxılından birbaşa asılı olan Yaxın Şərq və Afrika ölkələrinə böyük zərbə vuracaq. Yaxın Şərq dövlətləri yüksək qiymətlərlə də olsa dəniz yolu ilə alışı maliyyələşdirə bilsə də, idxal imkanları zəif olan Afrika ölkələrini yaxın illərdə ağır humanitar və gıda böhranı gözləyir. Türkiyə, Misir, İran və Şimali Afrika ölkələri kimi ənənəvi dəniz idxalçıları üçün də qida məhsullarının bahalaşması qaçılmaz hesab olunur.