Xəzər dənizində logistika uğuru

38

2026-cı ilin birinci yarısında Qazaxıstanın Xəzər sahilində yerləşən Kurık dəniz limanında qəbul edilən və yola salınan yüklərin ümumi həcmi 884,4 min tona çatıb.

Denizxeber.az-ın “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinə istinadla verdiyi məlumata görə, liman infrastrukturu vasitəsilə dəmir yolu istiqamətində yüklərin aşırılması həcmi 475,5 min ton təşkil edib. Bunun 242,3 min tonu ixrac, 233,2 min tonu isə idxal mallarının payına düşüb.

Avtomobil nəqliyyatı vasitəsilə limandan 306 min 200 ton yük nəql olunub ki, bunun da 151 min 400 tonunu ixrac, 154 min 800 tonunu isə idxal yükləri təşkil edib. Bundan əlavə, limanın taxıl terminalı vasitəsilə yarımil ərzində 104 min 100 ton taxıl məhsulu daşınıb.

Şirkətdən bildirilib ki, qeydə alınan bu göstəricilər Kurık limanının dəniz-logistika xidmətlərinə olan sabit tələbatı və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafında onun strateji rolunu bir daha təsdiqləyir.

Qeyd edək ki, Orta Dəhliz Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə akvatoriyası və dəmir yolu şəbəkəsi vasitəsilə Asiya ilə Avropa arasında dəniz və quru yükdaşımalarını birləşdirən əsas transmilli nəqliyyat marşrutudur.