Dənizkənarı Bulvar İdarəsinin keçmiş İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin məhkəməsi davam edib.
Denizxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.
Məhkəmədə ifadə verən şahidlərdən biri bulvarda gəmilərə nəzarət edən və bilet satışı ilə məşğul olmuş Ağababa Babayev olub.
Şahid bildirib ki, 2017-2023-cü illərdə Dənizkənarı Bulvar ərazisində gəmilərə nəzarət edib və bilet satışı ilə məşğul olub.
Onun sözlərinə görə, 2017-ci ildə biletlər əl ilə satılıb, 2018-ci ildən isə satış kassa vasitəsilə həyata keçirilib:
“2017-ci ildə bilet satmışam, 2018-ci ildən bileti kassa ilə satmağa başlamışıq. Kassadan kənar bilet satmaq mümkün deyildi. Bulvarda fəaliyyət göstərən gəmilərdən biri 350, digəri isə 60 nəfər tuturdu. “Mirvari” gəmisi may ayının ortalarından sentyabra qədər işləyirdi. Biletin qiyməti mən işlədiyim müddətdə 3 manat, pandemiyadan sonra isə 5 manat olmuşdu. 60 nəfərlik “Şəfəq” gəmisi qış, 350 nəfərlik “Mirvari” gəmisi isə yay aylarında işləyirdi”.
Şahid həmçinin bildirib ki, gəmilərin səfərə çıxması üçün konkret sərnişin sayı müəyyən edilməyib. O, COVID-19 pandemiyası dövründə gəmilərin fəaliyyət göstərmədiyini deyib.
Təqsirləndirilən İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli şahidin məhkəmədə verdiyi ifadə ilə istintaqa verdiyi ifadələr arasında ziddiyyət olduğunu bildirib.
Vəkilin sözlərinə görə, şahid pandemiya dövründə bulvarda səyahət gəmilərinin işləmədiyini desə də, istintaq materiallarında COVID-19 pandemiyası zamanı səyahət gəmilərinin 80 min sərnişin daşıdığı qeyd olunub.
Bundan başqa, şahidin istintaqa verdiyi ifadələrdən birində “Şəfəq” gəmisinin minimum 30, “Mirvari” gəmisinin isə minimum 100 sərnişin olmadan səfərə çıxmadığı bildirilib.
Vəkil bu ziddiyyətin səbəbini soruşub.
Ağababa Babayev cavabında bildirib ki, müəyyən edilmiş sayda sərnişinin toplanmasını gözləyənlər olduğu kimi, gözləmədən gedən sərnişinlər də olub.
Məhkəmə prosesində daha bir diqqətçəkən iddia səsləndirilib.
Vəkil İsmayıl Kəngərli bildirib ki, Dövlət Dəniz və Liman Agentliyi istintaqa səyahət gəmilərinin gecə saatlarında – 01:00, 02:00, 04:00 və 05:00 radələrində səfərə çıxdığını, həmçinin 60 nəfərlik gəmiyə 430 sərnişinin qəbul edildiyini bildirib.
Vəkil qeyd edib ki, Agentlik məhkəməyə bir, istintaqa isə başqa rəqəm təqdim edib.
Hakim vəkilə cavab olaraq bildirib ki, bu məsələ sənədlərin tədqiqi mərhələsində araşdırılacaq.
Məhkəmənin növbəti iclası 16 sentyabr tarixinə təyin edilib.
Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
İttihama görə, İlqar Mustafayev Dənizkənarı Bulvar İdarəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digər şəxslərlə birlikdə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, kommersiya obyektlərinin fəaliyyətinin təşkili, gəmi gəzintiləri və digər fəaliyyətlərdən əldə olunan 12 milyon manatdan artıq vəsaiti mənimsəməkdə ittiham olunur.
Bundan başqa, İlqar Mustafayev 1 milyon 800 min manatdan artıq vergini dövlət büdcəsinə ödəməkdən yayınmaqda, eləcə də cinayət yolu ilə əldə edildiyi bildirilən 10 milyon manatdan artıq vəsaiti özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müxtəlif əmlaklar almaqla leqallaşdırmaqda təqsirləndirilir.
İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4, 193-1.3.2, 213.3, 308.2 və 313-cü maddələri, Fuad Babayev və Rəşad Bədəlova isə 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.
İlqar Mustafayev barəsində həbs, digər təqsirləndirilən şəxslər barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müəyyən edilmiş ziyanın ödənilməsini təmin etmək məqsədilə 11 milyon manatdan artıq dəyəri olan əmlak üzərinə həbs qoyulub.
Təqsirləndirilən şəxslərin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqlənməyib.





