Yəmən Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri Qırmızı dəniz akvatoriyasında hücuma məruz qalaraq batan Hindistana məxsus yük gəmisinin 14 nəfərlik heyətini xilas edib.
Denizxeber.az bildirir ki, “Faizi Noori Auliya” adlı ticarət gəmisi Hudeyda liman şəhərindən təxminən 13 dəniz mili cənub məsafədə minalanmış distans idarə olunan katerin hücumuna məruz qalıb. Zərbə nəticəsində göyərtəsində ciddi zədələr alan gəmi dənizdə batıb.
Yəmən dənizçilik qüvvələrinin operativ xilasetmə əməliyyatı nəticəsində gəmidə olan 13 Hindistan və 1 Yəmən vətəndaşı dənizdən təxliyə edilib.
Hadisə zamanı dənizçilərin xəsarət almadığı bildirilir. Təhlükəsiz əraziyə gətirilən gəmi heyətinə zəruri tibbi yardım göstərilib və faktla bağlı dəniz təhlükəsizliyi strukturları tərəfindən araşdırmalara başlanılıb.





