Dəniz ticarətində tıxac

64

Argentinanın əsas dəniz-çay logistika qovşağı sayılan Rosario şəhərində losmanların tətilə başlaması səbəbindən kənd təsərrüfatı məhsulları və taxıl daşıyan azı 45 gəmi limanı tərk edə bilmir.

Denizxeber.az bildirir ki, bu barədə Argentina Yağ-Piy Sənayesi Palatası və Taxıl İxracatçıları Mərkəzinin (CIARA-CEC) rəhbəri Qustavo İdiqoras bildiriş yayıb.

Qurum rəhbəri vurğulayıb ki, hazırda limanda gözləyən gəmilərin sayı 45-i ötüb və yaxın vaxtlarda bu siyahıya daha 30 gəminin əlavə olunacağı gözlənilir:

“Hər bir gəminin dənizdə gecikməsi taksi sayğacı kimi işləyir — dayanma müddətinə görə gündəlik 50 min dollardan 100 min dollaradək əlavə maliyyə itkisi və fraxt xərci yaranır”.

İdxal-ixrac subyektləri hökumətin dənizçilik sahəsindəki derequlyasiya siyasətini dəstəkləsələr də, rəsmi strukturların Losmanlar Həmkarlar İttifaqı ilə normativ bazaya edilən dəyişiklikləri öncədən müzakirə etməməsini əsas yanlış addım kimi qiymətləndirirlər. Məhz bu razılaşdırılmamış qərarlar dənizçilərin etirazına və tətilə gətirib çıxarıb.

İyulun 30-da hökumətin rəsmi mətbuatında gəmiçilik və dəniz naviqasiyası sahəsi üzrə yeni qaydalar dərc olunub. Losmanlar və çay gəmiləri kapitanları həmkarlar ittifaqları hesab edir ki, bu tənzimləmələr dənizçilərin iş yerlərinin ixtisarına və akvatoriyada gəmiçilik təhlükəsizliyinin zəifləməsinə yol açacaq.