Ər-Riyad husi nümayəndələri ilə birgə müzakirələr keçirir

32

Səudiyyə Ərəbistanı Qırmızı dənizdə hərbi gərginliyin daha da dərinləşməsinin və husilərlə münaqişənin miqyasının böyüməsinin qarşısını almaq üçün Omanın vasitəçiliyi ilə diplomatik səylərini intensivləşdirib.

Denizxeber.az bildirir ki, Ər-Riyad diplomatik təmaslarla yanaşı, danışıqların iflasa uğrayacağı təqdirdə cavab hərbi əməliyyatları ssenarisinə də hazırlıq görür.

ABŞ administrasiyası qapalı diplomatik görüşlərdə Ər-Riyadı Qırmızı dənizdə ticarət gəmilərinə edilən hücumlara qarşı genişmiqyaslı hərbi müdaxilədən çəkinməyə çağırıb. Vaşinqton hesab edir ki, hərbi eskalasiya Bab-əl-Məndəb boğazından keçən beynəlxalq dəniz gəmiçiliyini daha da iflic edə, qlobal dəniz logistikasını təhlükəyə ata və enerji bazarlarındakı sabitliyi poza bilər. Bundan əlavə, münaqişənin dərinləşməsi Krallığı İranla birbaşa qarşıdurmaya sürükləyə bilər.

Xatırladaq ki, iyulun 20-də husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etməsindən sonra Ər-Riyadın rəhbərlik etdiyi koalisiya Bab-əl-Məndəb boğazında ticarət gəmilərinin və tankerlərin mühafizəsinə başladığını açıqlamışdı. Cavab olaraq husilər dəniz blokadasının pozulduğunu iddia edərək Səudiyyə Ərəbistanına məxsus iki neft tankerini raket və kamikadze PUA-ları ilə hədəfə aldıqlarını bəyan ediblər.