Strateji dəhlizlərin kəsişməsində

36

Azərbaycanın Orta Dəhlizin inkişafındakı strateji rolu beynəlxalq münasibətlər nəzəriyyəsində neorealizm prizmasından izah olunur. Qlobal sistemdəki anarxiya və güc balansındakı geosiyasi dəyişikliklər dövlətləri öz xarici təhlükəsizliklərini, suverenliklərini və strateji maraqlarını qorumaq üçün geostrateji imkanlardan maksimum istifadə etməyə vadar edir.

Denizxeber.az bildirir ki bunu AZƏRTAC-a açıqlamasında beynəlxalq əlaqələr üzrə mütəxəssis Bayram Əliyev bildirib ki, Ukrayna böhranı fonunda Şimal nəqliyyat marşrutunun geostrateji risklər səbəbindən zəifləməsi Avrasiya məkanında alternativ nəqliyyat-logistika xətlərinə ehtiyacı kəskin artırıb. Bu struktur dəyişiklikləri şəraitində Azərbaycan əlverişli coğrafi mövqeyindən geostrateji alət kimi istifadə edərək regional güclər arasında manevr imkanlarını və milli təhlükəsizliyini möhkəmləndirir.

Orta Dəhliz və Azərbaycanın geoiqtisadi infrastrukturu

Orta Dəhliz Çin və Mərkəzi Asiyanı Xəzər dənizi akvatoriyası, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropa ilə birləşdirən multimodal nəqliyyat marşrutudur. Azərbaycan bu sistemdə yalnız coğrafi körpü deyil, mühüm təşəbbüskar və tranzit ölkə kimi çıxış edir:

  • İnfrastruktur investisiyaları: Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir avtomobil və dəniz nəqliyyatı infrastrukturuna yatırılan iri həcmli investisiyalar ölkənin geoiqtisadi mövqeyini gücləndirib.
  • Bakı Limanının genişləndirilməsi: İkinci faza çərçivəsində limanın yükaşırma gücünün 25 milyon tona, konteyner aşırma imkanlarının isə 500 min TEU-ya çatdırılması nəzərdə tutulur.
  • BTQ xəttinin gücləndirilməsi: Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsindəki modernləşdirmə nəticəsində illik ötürücülük gücü 1 milyon tondan 5 milyon tona qaldırılıb.
  • Zəngəzur dəhlizi: Naxçıvan üzərindən reallaşacaq Zəngəzur dəhlizi marşrutun alternatibliyini və yükötürmə imkanlarını daha da artıracaq.

Mərkəzi Asiya ilə dəniz-logistika inteqrasiyası

Azərbaycanın Mərkəzi Asiya dövlətləri (Qazaxıstan, Özbəkistan, Türkmənistan) ilə nəqliyyat-logistika sahəsində əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə keçib. Qazaxıstan və Gürcüstanla birgə yaradılmış “Middle Corridor Multimodal Ltd.” şirkəti vasitəsilə vahid tarif siyasəti formalaşdırılır və blok-qatarların fasiləsiz hərəkəti təmin edilir.

Aktau, Kurık və Türkmənbaşı dəniz limanları ilə inteqrasiya olunmuş bərə daşımalarının genişləndirilməsi, eləcə də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) tanker və bərə parkının yenilənməsi Orta Dəhlizin dəniz komponentinin imkanlarını kəskin artırır. Dənizə birbaşa çıxışı olmayan Özbəkistan və Qırğızıstan üçün Azərbaycan infrastrukturu Avropa bazarlarına çıxış baxımından əsas tranzit qapısı rolunu oynayır.

Ekspertin sözlərinə görə, dəniz yolu ilə 35-45 gün davam edən daşımaların Orta Dəhliz vasitəsilə 12-15 günə qədər qısaldılması yüksək dəyərli yüklərin daşınmasında marşrutun rəqabət üstünlüyünü təmin edir. Ələt Azad İqtisadi Zonası isə xammalın emalı və əlavə dəyər yaradan istehsal zəncirlərinin formalaşdırılmasına xidmət edir.