İran və Oman arasında Hörmüz boğazı vasitəsilə gələcək dəniz naviqasiyası və gəmiçilik şərtlərinə dair ehtimal olunan razılaşmalar strateji su keçidinin dərhal açılması ilə nəticələnməyəcək.
Denizxeber.az bildirir ki, bu barədə İranın İRIB dövlət telekanalı məlumat yayıb.Telekanalın mənbəsi vurğulayıb ki, Tehran və Maskat arasında razılaşma əldə olunsa belə, ABŞ tərəfindən pozuntular davam etdiyi müddətcə boğaz gəmiçilik üçün bağlı qalacaq:“Hörmüz boğazının açılması Vaşinqtonun davranışının dəyişməsindən və onların yol verdiyi pozuntuların tam aradan qaldırılmasından asılıdır”.
Bu bəyanat İran mediasında Tehranın ABŞ-ın danışıqlara müdaxiləsini dayandırması şərti ilə yeni dəniz naviqasiya dəhlizinin yaradılmasına dair Maskatla razılaşmaya yaxın olduğu barədə xəbərlərin yayılmasından sonra verilib.Mənbə əlavə edib ki, gələcək dəniz gəmiçiliyi şərtləri ilə bağlı aparılan müzakirələr müstəsna olaraq Tehran və Maskat arasında ikitərəfli formatda həyata keçirilir və bunun ABŞ-yə heç bir aidiyyəti yoxdur.Qeyd olunub ki, gəmilərin Hörmüz boğazından keçid şərtlərinə dair Omanla razılaşmanın əldə olunması su keçidinin dərhal dəniz ticarətinə açılması demək deyil.





