Qazaxıstanın Xəzər sahilində yerləşən Kurık dəniz limanında PPM-1 və PPM-2 hidrotexniki dartma (bərə) körpülərinin əsaslı modernləşdirilməsi işləri uğurla başa çatdırılıb.
Denizxeber.az-ın Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinə istinadla verdiyi məlumata görə, həyata keçirilən yenidənqurma tədbirləri körpülərin istismar imkanlarını genişləndirib, dəniz bərələrinin aşırılması və emalı vaxtını ciddi şəkildə azaldaraq liman infrastrukturasının ümumi səmərəliliyini yüksəldib.
Modernləşdirmə nəticəsində əldə olunan əsas göstəricilər:
- Dəmir yolu bərə emalı müddəti: 18 saatdan 12 saata endirilib;
- Avtomobil bərə emalı müddəti: 10 saatdan 6 saata qədər azaldılıb;
- Dəmir yolu bərə tutumu: 40 vaqondan 48 vaqona çatdırılıb.
Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib ki, tutumun artırılması Kurık limanının yük aşırımı həcmlərini və dəniz buraxılış qabiliyyətini kəskin şəkildə artırıb. Bu addım Xəzər akvatoriyasında etibarlı dəniz yük emalını təmin edir, logistika proseslərinin operativliyini yüksəldir və Qazaxıstanın regional nəqliyyat-logistika mərkəzi kimi strateji mövqeyini daha da möhkəmləndirir.





