Xəzərin keşiyində dayanan qürur mənbəyimiz

126

Avqustun 5-i Azərbaycanda Hərbi Donanma Günü kimi qeyd edilir.

Denizxeber.az bildirir ki, milli hərbi dənizçilik tariximizin təməli 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Elə həmin ilin yayında ingilislər Bakını tərk edərkən liman idarəçiliyi və hərbi gəmilərin bir hissəsi Azərbaycan hökumətinə təhvil verilib, bununla da Xəzər Hərbi Dəniz Donanması formalaşdırılıb.

1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq etdiyi hərbi missiya xaricdən donanma üçün qırıcı katerlər, sualtı qayıqlar, gəmi və sahil topları, eləcə də teleqraf qurğuları əldə edib. Şimal qütbünün tədqiqatçısı, türkəsilli admiral İslamov milli donanmanın qurulmasına dəvət olunub, “Astrabad”, “Qars” və “Ərdəhan” hərbi gəmilərinə azərbaycanlı kapitanlar komandir təyin edilib. Lakin 1920-ci ilin Aprel işğalı nəticəsində donanmanın inkişaf planları yarımçıq qalıb və bolşeviklər tərəfindən ləğv edilib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci il aprelin 7-də Hərbi Dəniz Qüvvələrinin Qərargahı yaradılıb. Kecmiş Xəzər Hərbi Dəniz Donanmasının 25%-i və Ali Hərbi Dənizçilik Məktəbi respublikanın ixtiyarına keçib. 1992-ci il iyunun 26-da isə “Bakılı” keşikçi gəmisində Azərbaycanın üçrəngli dövlət bayrağı ucaldılıb.

Sektorun kadr potensialını gücləndirmək məqsədilə Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan Dövlət Dəniz Akademiyası təsis edilib.

Ümummilli lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən, hər il avqustun 5-i ölkəmizdə Hərbi Donanma Günü kimi təntənə ilə qeyd olunur.