Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) Qırmızı dənizin şimal akvatoriyasında, Səudiyyə Ərəbistanının Yanbu dəniz limanı yaxınlığında Ər-Riyada məxsus “Wafa” neft tankerinə ballistik raketlərlə zərbə endirildiyini bəyan edib.
Denizxeber.az bildirir ki, “Al Jazeera” telekanalı hərəkatın hərbi nümayəndəsi Yəhya Sarianın videomüraciətinə istinadən xəbər verib ki, raketlər tankeri dəqiqliklə hədəfə alıb.
Saria bildirib ki, iyulun 22-dən etibarən Səudiyyə Ərəbistanına gəmiçilik və dəniz blokadasının elan olunmasından bu yana “Ənsar Allah” tərəfindən hücuma məruz qalan Krallıq neft tankerlərinin ümumi sayı 8-ə çatıb.
Hərəkat nümayəndəsinin sözlərinə görə, Bab-əl-Məndəb boğazındakı dəniz məhdudiyyətləri səbəbindən Səudiyyə Ərəbistanı öz tankerlərini Qırmızı dənizin şimalına yönəltməyə məcbur olub. Qırmızı və Ərəbistan dənizlərində xəbərdarlıq zərbələri nəticəsində marşrutunu dəyişərək geriyə dönmək məcburiyyətində qalan Səudiyyə tankerlərinin sayı isə 29-a yüksəlib. Husilər dəniz blokadası çərçivəsində Səudiyyə Ərəbistanının neft daşımalarını tam dayandırmaq üçün dəniz əməliyyatlarını daha da intensivləşdirəcəklərini bəyan ediblər.





