Qazaxıstanın Manqistau vilayətində, Xəzər dənizinin akvatoriyasında yerləşən Ataş çimərliyi yaxınlığında ekoloji təhlükə yaradan yağ ləkələri qeydə alınıb.
Denizxeber.az-ın “Kazinform” agentliyinə istinadla verdiyi məlumata görə, çirklənmə barədə ilk məlumatlar avqustun 8-də daxil olub. Hadisə ilə əlaqədar Manqistau Vilayəti Ekologiya Departamentinin mütəxəssisləri dərhal Ataş çimərliyi və ona bitişik dəniz sahəsində reyd və ekoloji monitorinqlərə başlayıblar.
Monitorinq zamanı çirklənmiş dəniz suyundan nümunələr götürülərək kimyəvi tərkibin və neft məhsullarının mənşəyinin müəyyənləşdirilməsi üçün laboratoriya müayinəsinə göndərilib.
Ekoloqlar Xəzər dənizi akvatoriyasında fəaliyyət göstərən ticarət, tanker və köməkçi gəmilərin heyətlərinə dəniz mühitinin mühafizəsi tələblərinə ciddi əməl edilməsi, çirkab və neft tullantılarının dənizə axıdılmaması ilə bağlı rəsmi xəbərdarlıq ediblər.
Ərazidə təmizləmə və müşahidə işləri davam etdirilir, vəziyyət Manqistau Vilayəti Ekologiya Departamentinin xüsusi nəzarətindədir.





