Təbiət və texnologiya sintezi

124

ABŞ-nin Delaver Universitetinin tədqiqatçıları qasırğaların intensivliyini və istiqamətini daha dəqiq proqnozlaşdırmaq məqsədilə dəniz yırtıcılarından “canlı okean sensoru” kimi istifadə etməyə başlayıblar.

Denizxeber.az bildirir ki, elmi layihə çərçivəsində köpəkbalıqlarının üzərinə suyun dərinliyini, temperaturunu və elektrik keçiriciliyini fasiləsiz ölçən xüsusi cihazlar yerləşdirilir. Köpəkbalıqları suyun səthinə qalxdıqda toplanmış məlumatlar peyk rabitə şəbəkəsi vasitəsilə dərhal tədqiqat mərkəzinə ötürülür.

Delaver Universitetinin Dəniz Elmləri və Siyasəti Məktəbinin professoru Aaron Karlayl bildirib ki, qasırğaların güclənməsində okeanın üst qatındakı istilik ehtiyatı əsas rolu oynayır. Okeanın dərin qatları ilə səthi arasında müntəzəm şaquli miqrasiya edən mako, göy, çəkicbaşlı və gənc ağ köpəkbalıqları müşahidə üçün seçilib. Cihazların quraşdırılması heyvanların miqrasiya dövrünə may ayına təsadüf edir. Alimlər sahildən 50–65 kilometr məsafədə açıq dənizə çıxaraq sensorları yırtıcıların bədəninə bərkidirlər.