Türkmənbaşı və Ələt limanları arasında məlumat mübadiləsi üzrə birgə təlim keçirilib

121

Türkmənistanın Türkmənbaşı və Azərbaycanın Ələt beynəlxalq dəniz limanlarında dəniz daşımaları sahəsində məlumat mübadiləsi üzrə birgə praktiki təlim keçirilib.

Denizxeber.az “Report”a istinadən xəbər verir ki, təlim Türkmənistanın Dövlət Gömrük Xidmətinin təşkilatçılığı ilə keçirilib.Tədbirin əsas məqsədi yük axınlarına nəzarətin səmərəliliyinin artırılması, həmçinin region ölkələrinin liman xidmətləri arasında əməkdaşlığın daha da gücləndirilməsi olub.

Praktiki təlimdə Türkmənistan, Azərbaycan, Qazaxıstan və Tacikistanın liman nəzarəti qrupları iştirak ediblər.

Təlim çərçivəsində Xəzər dənizində beynəlxalq yük dövriyyəsinin inkişafı, malların qanunsuz dövriyyəsinə qarşı mübarizə və bu sahədə mövcud risklərin azaldılması məsələlərinə xüsusi diqqət yetirilib.

Bununla yanaşı, mütəxəssislərin peşəkar bacarıqlarının təkmilləşdirilməsi, operativ məlumat mübadiləsinin gücləndirilməsi və Türkmənbaşı ilə Ələt beynəlxalq dəniz limanları arasında birbaşa qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi prioritet istiqamətlərdən olub.Təlim zamanı iştirakçılar praktiki təcrübə mübadiləsi aparıb, mal-müşayiət sənədlərinin təhlili, yük və nəqliyyat vasitələrinin gömrük baxışından keçirilməsi üzrə bacarıqlarını təkmilləşdiriblər.

Birgə təlim Xəzər dənizi üzərindən yükdaşımaların təhlükəsizliyinin və səmərəliliyinin artırılması, eləcə də regionun limanları arasında koordinasiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.