“Primavera Marine” şirkətinin gəmisi dron hücumuna məruz qalıb – VİDEO

252

Qara dəniz akvatoriyasında kommersiya gəmiçiliyinə qarşı növbəti təhlükəli insident baş verib. “Primavera Marine” şirkətinə məxsus və Komor adaları (Comoros) bayrağı altında üzən “Volgo Balt 226” quru yük gəmisi PUA (dron) hücumuna məruz qalıb.

Denizxeber.az bildirir ki, bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin sədri İlham Nəsirov sosial şəbəkədə məlumat verib.

Gəminin göyərtəsində 11 nəfərlik heyət olub — 10 nəfər Azərbaycan dənizçisi və 1 nəfər Gürcüstan vətəndaşı. Şükürlər olsun ki, hücum zamanı dənizçilər arasında hər hansı can itkisi və ya xəsarət alma faktı qeydə alınmayıb. İnsidentdən sonra gəmi öz hərəkətini davam etdirərək hazırda Türkiyənin Trabzon limanı istiqamətinə doğru üzür.

Dualarımız dənizçilərimizlədir. Şükür ki, itki yoxdur. Allah bütün dənizçilərimizi qorusun və sağ-salamat limana çatmalarını nəsib etsin!