Türkiyənin Qara dəniz sahilində inşa etdiyi İyidere Logistika Mərkəzində tikinti işləri 82 faizə çataraq son mərhələyə daxil olub. İri tonnajlı gəmilərə xidmət göstərəcək mərkəz Türkiyənin beynəlxalq yükdaşımalardakı mövqeyini möhkəmləndirməklə yanaşı, Cənubi Qafqaz və Orta Dəhliz üçün yeni imkanlar açır.
Denizxeber.az “Avtosfer.az”-a istinadən verdiyi məlumata görə, layihənin əsas dalğaqıran qurğusunun 2 950 metrlik hissəsi və son 11 metrlik tac betonu artıq tam başa çatdırılıb. Mərkəz illik 3 milyon ton ümumi yük və 8 milyon ton toplu yük qəbul etmək imkanına malik olacaq. 2 950 metrlik dalğaqıran və onun 11 metrlik tac betonlama işləri tamamlanaraq iri həcmli gəmilərin qəbuluna hazır vəziyyətə gətirilir. Mərkəzin tikintisi üzrə tender müqaviləsi 2020-ci ildə “Cengiz İnşaat – Yapı ve Yapı İnşaat” birgə müəssisəsi ilə 1,37 milyard türk lirəsi (təxminən 48,57 milyon manat) məbləğində bağlanıb.
Nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, layihə yalnız Türkiyə daxili dəniz daşımaları üçün deyil, region üçün strateji əhəmiyyət daşıyır:

Mərkəzin Rize–Ərzurum istiqaməti ilə Türkiyənin şərqinə və oradan Cənubi Qafqaza birbaşa çıxışı onun coğrafi və logistik dəyərini kəskin artırır. İyidere Logistika Mərkəzinə Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu və Orta Dəhlizlə vəhdətdə baxılmalıdır. Bu marşrutlar bir-birini tamamlayaraq Türkiyə–Cənubi Qafqaz nəqliyyat bağlantılarını şaxələndirəcək. Beynəlxalq ticarətdə alternatif dəhlizlərə tələbatın artdığı bir dövrdə Qara dənizin şərq sahilində belə bir habın yaranması Azərbaycan vasitəsilə daşınan yük axınlarının daha çevik təşkilinə imkan verəcək.





