“Vitol Bunkers” Sinqapurda anakardiya qozunun qabığından əldə edilən maye (CNSL) ilə emal olunmuş aşağı kükürdlü yanacaq yağı (VLSFO) əsasında ilk bioyanacaq bunkerləmə əməliyyatını həyata keçirib.
Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, əməliyyat “Scion Mathilda” (82 144 DWT) quru yük gəmisində aparılıb.
Gəmiyə ümumilikdə 246,5 ton emal edilmiş VLSFO verilib. Bunun 212 tonu ənənəvi VLSFO, 34,5 tonu isə CNSL ilə emal edilmiş VLSFO olub.
Yanacaq gəminin Çindən Niderlanda, daha sonra isə Braziliyaya həyata keçirdiyi səfər zamanı istifadə edilib. Səfər ərzində ən azı 120 ton CO₂ ekvivalentində istixana qazı emissiyasının qarşısı alınıb.
Şirkətlərin məlumatına görə, gəmi səfəri heç bir texniki və ya əməliyyat problemi olmadan başa vurub. Sınaq göstərib ki, CNSL mövcud yanacaq təchizatı sistemlərinə əlavə dəyişiklik və gəmidə xüsusi yanacaq emalı tələb etmədən inteqrasiya oluna bilər.
CNSL anakardiya qozunun emalı zamanı yaranan əlavə məhsuldur və şirkətlər onun dəniz nəqliyyatında daha geniş istifadə oluna biləcək bioyanacaq komponenti kimi potensialını vurğulayırlar.





