Qazaxıstanda dənizin mühafizəsi və bərpası

170

Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutunda BMT-nin İnkişaf Proqramının (BMTİP) Xəzər regionundakı ekoloji təşəbbüslərinə həsr olunmuş məşvərət görüşü keçirilib. Toplantıda akvatoriyanın biomüxtəlifliyinin qorunması və çirklənmənin qarşısının alınması üzrə vacib layihələr müzakirə olunub.

Denizxeber.az-ın Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla verdiyi məlumata görə, görüşdə BMTİP-nin regionun əsas ekoloji problemlərinə yönəlmiş üç mühüm layihəsi diqqət mərkəzində saxlanılıb. Qlobal Ekoloji Fond tərəfindən maliyyələşdirilən layihə ekosistemlərin qorunmasını, torpaq və su resurslarının dayanıqlı idarə edilməsini, həmçinin Atırau və Mangistau vilayətlərində təbiətyönümlü həllərin tətbiqini nəzərdə tutur.

Digər iki təşəbbüs dövri iqtisadiyyatın inkişafına, tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsinə və Xəzər dənizinin plastik tullantılarla çirklənməsinin qarşısının alınmasına yönəldilib. Tokio hökumətinin BMTİP ilə birgə Xəzər dənizinin Qazaxıstan sektorunda ekoloji monitorinqin gücləndirilməsi, regional əməkdaşlığın möhkəmləndirilməsi və məlumat mübadiləsi layihəsinə xüsusi maliyyə vəsaiti ayırdığı vurğulanıb.