Dənizin dərinliyi necə ölçülüb?

65

#Bilirsinizmi, elektron exolotların olmadığı dövrlərdə dənizin dərinliyini necə ölçürdülər?

XIX əsrdə dənizçilər suyun dərinliyini və dəniz dibinin xüsusiyyətlərini müəyyənləşdirmək üçün diplotdan (dərinlik lotundan) istifadə edirdilər.

Diplota bağlanan 183 metrlik ölçü kəndiri – lot xətti xüsusi nişanlarla işarələnirdi. Kəndir üzərində müəyyən intervallarla yerləşdirilən düyün və digər nişanlar suyun dərinliyini təyin etməyə imkan verirdi.

Ölçmə zamanı lot suya endirilir, dəniz dibinə çatdıqda isə kəndir üzərindəki nişanlara əsasən dərinlik müəyyən edilirdi. Lotun alt hissəsindəki xüsusi oyuğa az miqdarda piy yerləşdirilirdi. Dibə toxunduqda qum, lil, çınqıl və digər dib materialları piyə yapışaraq səthə qalxır, bununla da dəniz dibinin xarakteri haqqında məlumat əldə edilirdi.

Hazırda ASCO-nun gəmilərində suyun dərinliyinin ölçülməsi üçün exolotdan istifadə olunur. Exolot dəniz dibinə göndərilən səs impulsunun əks olunaraq geri qayıtma müddətinə əsasən dərinliyi müəyyən edən elektron naviqasiya cihazıdır.

“Suraxanı” gəmi-muzeyində nümayiş olunan bu mexaniki dərinlikölçən qurğu 1850–1890-cı illərə aiddir. Səkkizguşəli polad lotun çəkisi 12 kq, uzunluğu 46 sm, diametri isə 70 mm-dir.

Bu tarixi eksponatı gəmi-muzeyin “Naviqasiya və kommunikasiya” zalında yaxından görə bilərsiniz.

#ASCO#SurakhaniShipMuseum#Suraxanıİncilərİ#diplot