Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Uilliston gölündə ağac və bitkilərlə örtülmüş üzən ada müşahidə edilib.
Denizxeber.az bildirir ki, hadisə yerli sakinin qayıq gəzintisi zamanı çəkdiyi videonu sosial şəbəkədə paylaşması ilə gündəmə gəlib. “BC Hydro” enerji şirkətinin nümayəndələri ilk olaraq görüntülərin süni intellekt tərəfindən yaradıldığını düşünsələr də, peyk şəkilləri adanın həqiqətən var olduğunu təsdiqləyib.
İyulun 21-də bənddən 100 kilometr məsafədə kosmosdan görünən yaşıl adacıq bir neçə gün sonra gözdən itsə də, avqustun 31-də gölə tökülən Ospika çayında yenidən ortaya çıxıb. Alimlər adanın suyun səviyyəsinin qalxması nəticəsində sahildən qopmuş torpaq və kök kütləsi olduğunu ehtimal edirlər.
Alimlər və mütəxəssislər hələlik bu üzən adanın necə əmələ gəldiyini dəqiq izah edə bilmirlər. Lakin versiyalardan birinə görə, 2026-cı ilin əvvəlində su anbarı 14 ildən sonra ilk dəfə su ilə dolub. Nəticədə suyun səviyyəsi qalxıb və ehtimal ki, sahilin bir hissəsi – köklər, torpaq və ağaclarla birlikdə – qoparaq su üzərində hərəkət etməyə başlayıb.
Uilliston gölü dünyanın ən böyük göllərindən biridir və hazırda bu sirli adanın dəqiq harada yerləşdiyi məlum deyil.





