Strateji tərəfdaşlıq

24

ABŞ-Gürcüstan İşgüzar Şurası (AGBC) ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) ilə birgə Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişaf perspektivlərinə həsr olunmuş dəyirmi masa təşkil edəcək.

Denizxeber.az-ın USACC-yə istinadən verdiyi məlumata görə, tədbirdə əsas məruzəçi qismində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays çıxış edəcək.

Müzakirələr zamanı iştirakçılar Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında əlaqəni təmin edən ən mühüm ticarət-nəqliyyat arteriyası kimi Orta Dəhlizin artan əhəmiyyətini nəzərdən keçirəcəklər. Regional bağlantının gücləndirilməsi, ticarət və investisiya axınlarının artırılması, həmçinin marşrut boyu yerləşən ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə xüsusi diqqət yetiriləcək.

Dünya Bankı vurğulayır ki, dəhlizin potensialının tam üzə çıxarılması dəmir yolu infrastrukturuna, liman tutumuna və intermodal logistika komplekslərinə investisiya tələb edir. Sərhəd prosedurlarının idarə edilməsinin təkmilləşdirilməsi, logistik koordinasiya səviyyəsinin yüksəldilməsi və rəqəmsal texnologiyaların tətbiqinin sürətləndirilməsi də əsas şərtlərdir.

Qazaxıstan Nəqliyyat Nazirliyinin statistik məlumatları marşrut üzrə yük axınının davamlı artımını göstərir: 2019-cu ildə 759 min ton, 2020-ci ildə 783 min ton, 2021-ci ildə 586 min ton, 2022-ci ildə 1,485 milyon ton, 2023-cü ildə 2,764 milyon ton, 2024-cü ildə isə 4,484 milyon ton yük daşınıb.

Türk Dövlətləri Təşkilatının (TDT) məlumatına görə, 2025-ci ildə Orta Dəhlizlə daşınan yüklərin həcmi 4,7 milyon tona çatıb, 2027-ci ilə qədər isə onun 10 % artması proqnozlaşdırılır.

2027-ci ilə qədər marşrutun ötürmə qabiliyyəti ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək və infrastruktur layihələrinə yeni investisiyaların cəlb edilməsi üçün zəmin yaradacaq. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yük daşımalarının 2030-cu il üçün hədəf göstəricisi 11,4 milyon ton səviyyəsində müəyyən edilib.