İranın Xəzər Konvensiyası ilə bağlı niyyətinin qaranlıq məqamları – Təhlil

255

Sentyabrın 13-də İran XİN-in sözçüsü Səid Xətibzadə bəyanat verib: “Xəzəryanı ölkələrin ümumui razılığına əsasən, hövzədə digər ölkələrin hərbi mövcudluğu yolverilməzdir”.

Azərbaycanın Türkiyə ilə birlikdə sentyabrın 2-10-u aralığında Xəzər dənizində keçirdiyi birgə təlimlərlə bağlı sualı şərh edən Xətibzadə əlavə edib: “Xəzər dənizinin hüquqi rejimi haqqında Konvensiyada hərbi iştirak məsələsi açıq şəkildə izah olunub. Beş sahilyanı dövlətin razılaşmaları digər ölkələrin hövzədə hərbi varlığını qadağan edir. Xəzər dənizində Azərbaycan-Türkiyə birgə təlimləri məsələsi hazırda XİN-də araşdırılır”.

İran XİN-in Azərbaycan-Türkiyə birgə təliminin qanuniliyini aradrmasına etirazım yoxdur, qoy araşdırsın, amma bundan əvvəl Xəzərin hüquqi rejimi haqqında Konvensiyanın hələ də XİN-dən parlamentə niyə getmədiyini də.

3 il keçsə də…

Onilliklərlə davam edən mübahisələrdən və danışıqlardan sonra İran, Qazaxıstan, Azərbaycan, Rusiya və Türkmənistan 2018-ci il avqustun 12-də Aktau şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar. Konvensiyanın mətni milli parlamentlərdə təsdiqlənməlidir. Amma indiyə qədər yalnız Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistanın qanunverici orqanları sənədi ratifikasiya edib.

Bəs İran?

İqtidar müddəti bitmiş Həsən Ruhani hökuməti qanun layihəsini İslami Şura Məclisinə (parlamentə) göndərməyib.

Yubanma, ilk növbədə, Kremldə təşviş doğurur. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu il aprelin 8-də Konvensiyanın rəsmən qüvvəyə minməsi üçün İran Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı ən qısa müddətdə ratifikasiya ediləcəyinə ümidvarlığını bildirib.

Amma İran hökuməti yerində sayır.

Doğrudur, avqustun 10-da İranın Rusiyadakı səfiri Kazem Cəlali Moskvadakı Qorbaçov İctimai Diplomatiya Mərkəzində çıxışı zamanı qeyd edib:

“Ratifikasiya prosesi sürətlə gedir, hazırda hökumətimiz sənədi nəzərdən keçirir. Baxıldıqdan sonra ratifikasiya üçün parlamentə təqdim ediləcək”.

Niyə?

Kazem Cəlali yetərindən artıq nikbindir, ya da məlumatsızdır.

Zənnimcə, ratifikasiya prosesi uzanacaq.

24 maddəlik Konvensiya layihəsini hələ də ratifikasiya edilməməsinin əsas səbəbi Xəzər dənizində təməl xəttlərin müəyyən edilməsi ilə bağlı davam edən ekspert və texniki danışıqlardır. 

Söhbət hər bir dövlətin daxili və ərazi sularının genişliyini təyin etmək metodu olaraq Konvensiyanın “Normal təməl xətt”, “Düz təməl xətlər” anlayışlarından (Maddə 1) gedir. 

İran sahillərinin Xəzərin cənub kənarı qatlanmış formada olduğundan Tehranın əsas problemi sənəddəki “Düz təməl xətlər” anlayışıdır. 

“Düz təməl xətlər”…

…sahil boyunca müvafiq/uyğun nöqtələri birləşdirən və sahil xəttinin girintili olduğu yerlərdə və ya yaxınlığında sahil adalarının bir kənarının olduğu düz xətləri ifadə edir. 

“Düz təməl xətlər”in qurulmasının dəqiq metodologiyasının Konvensiyanın bütün tərəfləri arasında ayrıca bir razılaşmada müəyyən edilməsi nəzərdə tutulur. 

İran Xəzər dənizində cəmi 657 kilometrlik ən qısa sahil xəttinə malikdir.

Keçmiş SSRİ və İranı ayıran xətt də “Düz təməl xətt” prinsipinə əsaslanır.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasının imzalanmasından sonra, 13 avqust 2018-ci ildə İran Xarici İşlər Nazirliyi bir bəyanat yayımlayıb. 

Həmin bəyanatda Konvensiyanın 1-ci maddəsinin 3-cü bəndində İranın xüsusi vəziyyətinin (coğrafi mövqeyinin) nəzərə alındığı vurğulanıb.

Bütün coğrafi amillər İran üçün düz təməl xəttlərin müəyyən edilməsinə mənfi təsir göstərir. Bunun əksinə olaraq, İranın iki Xəzər qonşusu – Türkmənistan və Azərbaycanın qabarıqlı sahilləri və düz xətləri çəkmək üçün kifayət qədər təməl nöqtələri təmin edən çoxsaylı adaları var və bununla da ərazi sularını İranla müqayisədə genişləndirirlər. 

Bu şərtlər Tehranın Aktau şəhərində Konvensiyanın imzalanmasından əvvəl danışıqların son mərhələsində düz təməl xətləri müəyyənləşdirmək üçün xüsusi bir imtiyaz tələb etməsinə səbəb olub. İranın xahişi 2017-ci ilin dekabrında Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin toplantısında qəbul edilib. 

Xəzərdə hərbi iştirak

Səid Xətibzadənin sözlərini qəribçiliyə salmağa dəyməz. 

Konvensiya hövzədə təhlükəsizlik və hərbi mövcudluqla bağlı bir sıra müddəaları ehtiva edir. 

O cümlədən: 

Maddə 3

3) Xəzər regionunda təhlükəsizliyin və sabitliyin təmin edilməsi;

4) Xəzər dənizində Tərəflərin silahlanmasının sabit tarazlığının təmin edilməsi, bütün Tərəflərin maraqlarını nəzərə alaraq, bir-birinin təhlükəsizliyinə zərər vermədən, ağlabatan yetərlilik həddində hərbi tikinti aparmaq;

5) bütün Tərəflər arasında bağlanmış beynəlxalq müqavilələrə əsasən, regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi üçün ümumi səylərə uyğun olaraq, hərbi fəaliyyət sahəsində proqnozlaşdırıla bilən və şəffaflıq ruhunda razılaşdırılmış etimad tədbirlərinə riayət edilməsi;

6) Xəzər dənizində Tərəflərə aid olmayan silahlı qüvvələrin olmaması;

7) hər hansı bir Tərəfin hər hansı bir Tərəfə qarşı təcavüz və digər hərbi əməliyyatlar aparmaq üçün öz ərazisini digər dövlətlərə verməməsi;

Maddə 11 isə müəyyən qadağaları nəzərdə tutur:

6. Ərazi sularından keçmək, onun icrası zamanı aşağıdakı fəaliyyətlərdən hər hansı biri həyata keçirildikdə, sahil dövlətinin sülhünü, nizamını və təhlükəsizliyini pozmaq sayılır:

a) sahil dövlətinin suverenliyinə, ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı və ya hər hansı bir şəkildə BMT Nizamnaməsində təsbit edilən beynəlxalq hüququn prinsiplərini pozmaqla təhdid və ya güc tətbiqi;

b) hər hansı bir silahla edilən hər hansı manevr və ya məşq;

c) sahil dövlətinin müdafiəsinə və təhlükəsizliyinə xələl gətirmək üçün nəzərdə tutulmuş hər hansı bir təbliğat hərəkəti.

Son söz olaraq

Azərbaycan-Türkiyə birgə təlimləri sadalanmış məhdudiyyətlərin pozulduğunu iddia etməyə əsas vermir. Təlimlər Azərbaycanın milli sularında və Türkiyənin hərbi gəmiləri olmadan keçirilib.

Yeri gəlmişkən, tezliklə hövzədə Rusiya, Azərbaycan, İran və Qazaxıstan Xəzər dənizində birgə təlimlər keçirəcək.

Əziz Rzazadə