AZCON Holding şirkətlərindən olan ASCO-da “Türk Loydu” Təsnifat Cəmiyyətinin nümayəndə heyəti ilə görüş keçirilib.
ASCO-nun İdarə Heyətinin sədri Əfqan Cəlilov qonaqlara Azərbaycanda dəniz nəqliyyatı sahəsində görülən işlər, o cümlədən donanmanın yenilənməsi və şirkətin digər strateji hədəfləri barədə ətraflı məlumat verib. Ə. Cəlilov vurğulayıb ki, donanmanın müasirləşdirilməsi və dəniz əməliyyatlarında yüksək təhlükəsizlik standartlarının təmin olunması ASCO-nun prioritet fəaliyyət istiqamətlərindəndir.
“Türk Loydu” Təsnifat Cəmiyyətinin İdarə Heyətinin sədri Oral Ərdoğan isə Azərbaycanın dənizçilik sektorunun sürətlə inkişaf etdiyini və təsnifat cəmiyyətləri üçün böyük tərəfdaşlıq potensialı təqdim etdiyini bildirib. O, ASCO ilə sıx əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə “Türk Loydu” Təsnifat Cəmiyyəti ilə əməkdaşlığın inkişafı, qarşılıqlı maraq doğuran istiqamətlərdə təcrübə mübadiləsinin genişləndirilməsi ətrafında geniş müzakirələr aparılıb.







